VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS  Mirşahin Ağayevin musavat.com-a müsahibəsini təqdim edir:

- Bu gün Real TV-nin fəaliyyətə başlamasının 1 ili tamam olur. Kanalın rəhbəri kimi bir illik fəaliyyətinizi necə dəyərləndirirsiniz?

- Məndən ötrü “kanalın rəhbər”i ifadəsi düz deyil. Ona görə ki, mən bu kanalda rəhbərdən çox reportyoram. Amma aldığım ümumi informasiya belədir ki, layihə, deyəsən, alındı. Çünki Azərbaycan teleməkanında bütün kateqoriyalar üzrə kifayət qədər layihə var: şou-biznes layihələri də var, sosial layihələr də var, idman layihələri də. Amma ixtisaslaşmış xəbər kanalı kimi bu məsuliyyətin altına tam girməyə hazır kanal ARB24-ü çıxmaq şərti ilə yox idi. Bilirsiniz, ölkədə xəbər çoxdu, bu baxımdan bir yox, bir neçə xəbər kanalı yarana bilər. Biz o vaxt meydana gəldik ki, Azərbaycanda xəbərin yerdən götürülüb yığışdırılmasına ciddi ehtiyac var idi. Axı biz həm də daşıyıcıyıq. Bütün televiziya vasitələri, bütün kütləvi informasiya vasitələri həm də daşıyıcıdır. Biz öz payımızı daşımağa başladıq. Daşıdığımız ünvanlarda, istehlakçılardan, mənzil başında dayanıb bizim yolumuzu gözləyən insanlardan aldığımız siqnal belədir ki, itkisiz, tez, bəzən də birbaşa, qaynar-qaynar o məhsulları ala bilirlər. Məncə, xəbərçi üçün bundan böyük xoşbəxtlik yoxdur.

- Belə çıxır ki, sizin yeni formatınız - kanalın yalnız xəbər üzərində qurulması effektiv oldu.

- Azərbaycanda bütün kanalların özünün konsepsiyası olmalıdır. Əgər bu MuzTV-dirsə hamı bilir ki, burda musiqi verilir və keyfiyyətli musiqi istəyən insan bu kanala baxmalıdır. Xəbər kanalı kimi isə bizim arzumuz belədir ki, Real TV formatı olmalıdır. Mənim də istəyim budur. Hər bir kanalın rəhbəri təbii ki, öz kanalının konseptual xəttini müəyyənləşdirir. İstehlakçı, tamaşaçı da keyfiyyətli xəbəri bizdən gözləməlidir. Başqa kanalların da özünün konsepsiyası olmalıdır. Mən şəxsən ixtisaslaşmış xəbər kanalı kimi fəaliyyət göstərməyin tərəfdarıyam. Deyim ki, Real TV bu xətti inkişaf etdirəcək. Sizə lazım deyil, səhər saat 8-dən gecə ikiyə qədər oturub xəbərə baxasınız. Siz öz xəbər ehtiyacınızı ödəməkdən ötrü günün istənilən saatında "Real"a qoşulmalısınız, 15 dəqiqə baxmalısınız və sizin hər şeydən məlumatınız olmalıdır: siyasətdən də, mədəniyyətdən də, idmandan da, hava proqnozundan da, valyuta məzənnəsindən də.

- Hazırda "Euronews" kanalının formatı dünyada geniş yayılıb. Real TV də bu metoda istiqamətlənib.

- Bəli, elə eyni formatdır. Əslində, buna "Euronews" formatı da demək olmaz. Biz hər şeyin mobilləşdiyi dövrə gəlib çatırıq.

- Real TV də mobil yeniliklərdən aktiv yararlanır, daha çox sosial şəbəkələr, "Youtube" kanalı üzərindən xəbərlərin çatdırılmasına fokuslanırsınız.

- Doğrudur. Mənə elə gəlir ki, televiziyanın gələcəyi bundan keçir. Televizor ki, var, (televizoru göstərir) özünün ağır çəkisi ilə tamaşaçını özünə çəkir, bu isə (mobil telefonunu göstərir) tamaşaçının ayağına gedir. Biz bu iksini birləşdirmişik və daha çox tamaşaçının ayağına getməyi düşünürük. Fikir vermisinizsə, biz yalnız canlı efir zamanı tamaşaçını televiziya qarşısına cəlb edirik. Qalan bütün hallarda tamaşaçı bizi rahat götürüb özü ilə daşıya bilər.



- Kanalın adının “Real” seçilməsində xüsusi mənası var?

- Bu kanalın adının “Real” olması mənə elə gəlir ki, bütün mümkün variantların içində ən uğurlusu idi. Başqa nə ola bilərdi ki? Real xəbərdən daha çox başqa bir nəsnəyə aid edilə bilməz. Siyahıda başqa adlar da var idi, biz sonunda bu adın üzərində dayandıq, məncə səhv eləmədik. Tamaşaçılar artıq “Real”ın mahiyyəti ilə forması və məzmunu arasında bir oxşarlıq tapa biliblər.

- Yəni “Real” reallığı əks etdirə bilir?

- Tamamilə düz düşünürsünüz. Mən deyim sizə ki, əks etdirir. Gəlin, balaca bir statistikanı xatırlayaq: Azərbaycanda son bir il ərzində hansı hadisələr baş verdi ki, biz onu göstərmədik? Hər yerdən biz çıxdıq. “Yelkən Towers”dəki yanğından, Gəncədə baş vermiş terror hadisələrindən, Mingəçevirdə baş vermiş "böyük qaranlıq"dan, Azərbaycandan kənara çıxsaq, Xəzəryanı dövlətlərin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsindən ötrü keçirilən möhtəşəm toplantıdan, Azərbaycan prezidentinin namizədliyinin Konstitusiya Məhkəməsində təsdiqlənməsindən tutmuş daha nələrə, nələrə qədər... Yəni Azərbaycanda və Azərbaycandan kənarda elə bir hadisə yoxdur ki, biz onu işıqlandırmayaq. Əksəriyyətini də birbaşa efirdə işıqlandırmışıq. Nazirlər Kabinetinin yeni rəhbəri baş nazir Novruz Məmmədovun parlamentdə təsdiqlənməsini də biz birbaşa yayımda işıqlandırdıq.

- Real TV üçün əlamətdar hadisələrdən biri də Prezident İlham Əliyevdən müsahibə almağınız oldu.

- Mən bunu tək “Real”ın yox, bütün mediamızın ən uğurlu işi sayıram. Çünki mən müsahibənin əvvəlində də, sonunda da Azərbaycan mediası adından Prezidentə müraciət elədim və təşəkkürümü bildirdim. Əlbəttə, o müsahibənin koordinatoru mən idim, amma digər tərəfdə böyük bir Azərbaycan mediası var idi. Bu baxımdan, mən bu müsahibənin bütün mediamıza aid olduğunu düşünürəm. Prezidentin Azərbaycan mətbuatına müsahibə verməsi bir çox məsələnin yeni formatda təzahürü idi və biz bunun adını beləcə də qoyduq: Dövlət-vətəndaş münasibətlərinin yeni formatı. O müsahibə də Prezidentin apardığı islahatların nəticəsi idi. Bəzən fikir vermirik, amma fikir vermək lazımdır, biz artıq başqa bir ölkədə, başqa bir quruluşda yaşayırıq. Prezident seçkilərindən sonra Azərbaycan prezidenti yeni bir islahatlar paketi ortaya qoydu. Elə Reala müsahibəsində də dedi ki, son prezident seçkilərinə islahatlar gündəliyi ilə getdi. Və o islahatlar gündəliyi nəticəsində cəmiyyətdə rəsmiyyətçilik azalmağa başladı. Rəsmiyyətçiliyin azalması vətəndaşlara imkan verdi ki, onlar ölkə başçısı ilə daha sadə, daha əlçatan şəkildə əlaqə yaratsınlar. Biz də Azərbaycan cəmiyyətinin bir hissəsiyik və bizim də üzərimizə müəyyən pay düşür. Biz öz payımızı Azərbaycan prezidenti ilə normal müsahibə şəraitində götürdük. Məncə bu, davam edəcək. Hər halda jurnalistlər buna çalışmalıdır. Biz çalışdıq və alındı.

- Bu qədər kanalın içində Real ən gənc olmasına baxmayaraq sizdə alındı.

- Məşhur bir lətifə var. “Həm ziyarət, həm ticarət” filmində də keçir. Yadınızdadırsa, Mustafa məşhur lətifə danışır…

- Bir bilet də sən al...

- Bəli. Qardaşım, heç kəs müraciət eləməyib (coşquyla danışmağa başlayır). Mən müraciət eləmişəm, Real televiziyası müraciət edib və Prezident də “Real”a müsahibə verib. Amma bunu tamamilə başqa bir şəkildə yozmağa çalışanlar var. Siz mənə başqa televiziya kanalı və ya kütləvi informasiya vasitəsi göstərin ki, müraciət etmiş olsun. Biz müraciət eləmişik. Əminəm ki, bizim yerimizdə başqa bir kanal olsaydı və bizim cəmiyyətin içindən gəldiyini düşünüb verdiyimiz sualları versəydi, prezident də razılaşacaqdı. Cavandı, qocadı söhbətləri burda keçmir. Belə baxanda mən ən cavan olsam da, həm də ən qocayam.

- “Real”ın baxılmasında Sizin müəllif verilişlərin də rolu az deyil və bu verilişlər birmənalı qarşılanmır, tənqid də olunur.

- Mən, əslində, bu sualı çox sərt cavablandırmalıyam. Hətta bəzi məqamlarda qırmızı xətti keçməliyəm. Amma bu gün bizim bayramımızdır, həm “Real”ın bir yaşıdır, həm də Novruz ərəfəsindəyik. Qısaca bunu deyim ki, Azərbaycan dövlətindən çörək yeyən hər kəs bu dövləti qorumağa borcludur. Bu dövləti qorumaq yalnız səngərdə dayanan əsgərin üzərinə düşmür. Mənim üçün təmas xəttində atəşkəsi pozaraq kiminsə ölümünə bais olan, erməni silahlı qüvvəsinə məxsus əsgərin gülləsi ilə Azərbaycanın istiqlal xətlərini, Azərbaycandan xaricdə oturub pozan hansısa provokatorun, avantüristin, söz terrorçusunun hərəkəti eynidir. Mən onlarla mübarizə aparıram və aparmağa da davam edəcəyəm. Niyə? Bilirsiniz, riyakarlıq pis şeydir. Bu gün Azərbaycan vətəndaşlarının bir çoxu duz-çörək və dövlət arasında ilişib qalıb. Guya özlərinə abır-həya aurası yaradıblar. Heç demə, bunlar abırlıdırlar. Bapbalaca ortaqlarında ana, bacı, ata, övlad, qız-gəlin əxlaqı qoruyurlar və bu adamların qoruduğu anklav qeyrət hüdudunda kişidirlər, əjdahadırlar. Bravo (əl çalır). Bu laqeyd mövqeyi tutan insanların heç biri kişi deyil. Dünyada ən ağır cinayət laqeydlikdir. Cəmiyyətimizdə mən bu laqeydliyi görəndə dəli oluram. Bunun üçün toplantı keçirmək, efirə çıxmaq lazım deyil, siz öz facebook səhifənizdə mübarizə aparmalısınız. Bir nəfər çıxıb facebookda o biri əbləhin boğazını üzməlidir. Bunlar olmadıqca bu adamlar hesab edəcəklər ki, Mirşahin təkdir.

- Siz efirdə sərt leksikon işlədirsiniz. “Televiziyada belə fikirləri səsləndirmək olmaz” deyənlər tərəfindən də qınanırsınız...

- Niyə televiziyada danışmaq olmaz?! Bir vaxtlar deyirdilər ki, televiziyaya milyonlar baxır. Gəlin araşdıraq, televiziyaya bu gün milyonlarmı baxır? Buna (telefonu göstərir) daha çox adam baxır. Burda (yenə telefonu göstərir) biz abrımızı-həyamızı qorumalıyıq. Kimsə Mirşahin üzərinə hücuma keçirsə, onun cavabını hamımız verməliyik. Mən özümə əsgər demişəm. Döyüş üçün nə qədər açıq idimsə, söyüş üçün də bir o qədər açığam. Mən nəyin qurbanı olduğumu bilirəm. Bilirsiniz, mənə nə qədər zənglər olur? Deyirlər ki, çox sağ olun, Mirşahin müəllim, ürəyimdən keçən sözləri dediniz. Sənin ürəyindən keçəni mən niyə deməliyəm? Sənin ürəyindən keçəni deməyə dilin yoxdur? Niyə sən öz sözünü demirsən? Mən Azərbaycan dövlətini vətəndaş olaraq sevirəm. Bizim kanalımız olanda da sevirdim, bağlananda da sevirdim. Bizim kanalımız yenə var, yenə sevirəm. Sabah bağlanacaq, yenə sevəcəm. Mən bunu minnət üçün demirəm. Bu gün Azərbaycan dövlətinin üzərinə dil qaldıranlar sabah əl qaldıracaqlar. Mənim leksikonum 1991-ci ildə necə olubsa, bu gün də o cürdür. Bəli, mənim sərt ritorikam var, Azərbaycan dilini pis bilmirəm. Əgər mən bu gün xırda pula “sikkə” deyirəmsə, burda söyüş yoxdur. Əgər mən “ay kötük uşağı” deyirəmsə, o bu o demək deyil ki, mən “köpək uşağı” deyirəm. Heç kəs də məni günahlandıra bilməz ki, söyüşlə, təhqirlə danışıram. Bu gün Mirşahinə nəyisə öyrətmək, Mirşahinə haradasa korrektə eləməyə ehtiyac yoxdur. Susan adamların üzərinə getmək lazımdır ki, sən dilini hara soxmusan? Bax, bu adamlar Azərbaycanda ziyalıvari bir obraz yaradıblar. Qalstukları var, qarın da buraxıblar… Tüpürmək belə istəmirəm onların görkəminə. O adamlar haqqında danışanda mənim ağlımda düşmən obraz yaranır. O adamlar Azərbaycan dövlətinin düşmənidirlər və Azərbaycandan kənardakılardan qat-qat ağır düşməndirlər. Televiziyada belə şeyləri eləmək olmaz deyənlərin qabağına mən əks arqument qoyuram ki, bu gün elə televiziyada belə şeyləri eləmək lazımdır. Ona görə eləmək lazımdır ki, bu televiziyanın işidir.

- Real TV-nin gələcək planları nədir, hansı işləri görmək istəyirsiniz?

- Bizim işimiz ancaq xəbərdir. Biz aş dəmləmirik, yarpaq dolması hazırlamırıq, bizimki "fast fud"dur. Xəbər var, verəcəyik. Biz öz işimizi yalnız xəbərlə məhdudlaşdıracağıq. Qoy insanlarımız, tamaşaçılarımız bilsinlər ki, ən keyfiyyətli xəbəri haradan almaq olar. Gəlin, açıq danışaq. Bu gün Azərbaycanda dərman almağa gedən adamlara haranı tövsiyə edirlər? Filan yerdə “alman aptek”i var, gedin oradan alın deyirlər. Biz xəbərlərin “alman aptek”i olacağıq. Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının xəbər tələbatını ödəməkdir, bunu bacardığımız kimi edəcəyik. Bir də yaxın vaxtlarda analoq yayıma keçəcəyik, Azərbaycanın istənilən məntəqəsində bizə rahat baxa biləcəklər.

BAKU.WS