SİZİN REKLAM BURADA!
055 213 76 73



Boşanma - ötən dövrlərin ən utandırıcı hadisəsi, bu günün isə bəzən su içimi qədər asan işidir.

Nə qədər təbliğat aparılsa da, nə qədər tədbirlər görülsə də, ailələrin dağılmasının, boşanmaların qarşısını almaq mümkün olmur. Son zamanlar isə boşanmaların kökündə duran başlıca amil cütlüklər arasındakı anlaşılmazlıq, bir-birlərini başa düşməmək durur. Elə bunu nəzərə alan Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsievlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif edir.

41 illik evlilik... Təməli qarşılıqlı hörmət və anlayışla qurulan böyük bir ömür... Rafiq və Sima İmanovlar ailələrinin məsləhəti ilə evləniblər. Fərqli mühitin insanı olsalar da, bu müddət ərzində xoşbəxt evliliklərini qoruyub saxlaya biliblər.

Sima xanımın sözlərinə görə, evlilikləri boyunca çox çətin dönəmlər də keçirmələrinə baxmayaraq, hər zaman ailəsinin möhkəm təməl üzərində qoruyub saxlaya bilib.

Rafiq İmanov isə deyir ki, sağlam ailə ilk öncə qarşılıqlı hörmətdən başlayır. Əgər hörmət varsa, o ailə uzunömürlü olacaq.

İmanovlar ailəsinin bu xoşbəxtlik uğuruna təəssüflər olsun ki, müasir dövrdə çox da rast gəlinmir. Əksinə, illər ötdükcə ailədaxili anlaşmazlıqlar səbəbindən boşanmaların sayı artır.

Problemləri minimuma endirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluqlarının yoxlanılmasını da təklif edir.

Komitənin məsləhətçisi Aynur Veysova deyir ki, tərəflər psixoloji uyğunluq testindən keçsələr, evlilik üçün düzgün seçimin edilməməsi, həmçinin düşüncə və psixoloji fərqin yaranması kimi problemlər də azalar. Bundan başqa, "Ailə psixoloqu" İnstitutunun yaradılmasına da ehtiyac var. Bu barədə hazırlanmaqda olan "Ailə strategiyası"nda tədbirlər nəzərdə tutulub.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl bildirilib ki, Azərbaycanda nikahın pozulması ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır.

BAKU.WS