SİZİN REKLAM BURADA!
055 213 76 73



İ
nsanların şadlıq saraylarının zallarına mobil telefonsuz daxil olması təklif olunur. Bu təklifin səslənməsində də bəzi səbəblər var. Əsas səbəblərdən biri isə odur ki, günü-gündən çıxan mobil telefonlar fotoqraflara olan tələbətatı azaldıb. Yəni hər bir insan daha çox mobil telefonla şəkil çəkməyə üstünlük verir ki, belə olan halda fotoya və fotoqrafa ehtiyac qalmır.

BAKU.WS-in məlumatına görə, sözügedən məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Belə bir təkliflə jurnalist Aqil Ələsgər çıxış edib. Onun fikrincə insanların toylarda mobil telefondan həddən artıq istifadəsi digər qonaqların rahatlığını pozur:

“Onsuz da kamera görəndə toya pasport şəkili çəkdirməyə gəldiyini yadına salan millətik. Canlı yayın görəndə özlərini daha narahat hiss edirlər. Yəni, meydan qızışan kimi başlayırıq canlı yayıma və beləcə insanların istirahət hüququnu pozuruq”, - deyib.

10 ildən çoxdur toylarda foto çəkməklə məşğul olan fotoqraf Məhəmməd Vəliyev də toya gələn qonaqlardan gileylənib. Son illər fotoqraflara tələbatın azaldığını deyən fotoqrafın sözlərinə görə, nə qədər yüksək meqapikselli telefon olursa olsun, fotoaparatın yerini vermir:

“Hamı telefonla çəkməyə maraq göstərir. Amma fotoya gələndə hamı biganə yaraşır. Toylarda belə getsə fotonu yığışdıracaqlar. Hamı çəkə bilər amma fotoqraf kimi çəkə bilməz”.

Psixoloq Gülnar Orucova isə elə də böyük olmayan müddət ərzində telefonsuz qala bilməməyimizin səbəbini belə açıqlayıb:

“İnsanlar daha çox təmtəraq, geyimləri, oldugu yeri digər insanlara göstərmək istəyir. Bu gün bizim toya telefonla getməyimiz bizim istirahətdən çox beynimizi yükləyir. Biz davamlı şəkil çəkirik, bəyənmirik yenisini çəkirik bir də görürük toy bitdi”

Əslində isə bu hal yalnız toylarda deyil, həmişə yaşanır. 
Artıq hər dəqiqəni, yeyib içdiyini belə çəkib paylaşmaq adi hal alıb. Ekspertlər hesab edir ki, bu gedişlə fotoqraflıq sənəti ümumiyyətlə sıradan çıxa bilər. Məsələdən birdəfəlik çıxış yolu isə, görünmür.

BAKU.WS