SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrədə maraqlı video yayılıb.

BAKU.WS
xəbər verir ki, videonu fiziki imkanları məhdud olan gənc xanım Bakı metrosunda çəkdirib. Görüntülərdəki xanım adının Cəmilə Məmmədli olduğunu bildirib.


Gənc xanım Bakı metrosundan rahat istifadə etdiyini bildirib.


“İlk dəfə metrodan Türkiyədə istifadə etmişəm. Lifti var idi və çox rahat idi. Bu gün həyatımda ilk dəfə Azərbaycanda metrodan istifadə etdim. “Həzi Aslanov” stansiyasından “Gənclik” stansiyasına qədər gəldim. Eskalator və pilləkənlərdə kömək etdilər”, - deyə Cəmilə Məmmədli bildirib.


Gənc xanım bildirib ki, Bakı metrosundan istifadə etmək çətinlik yaratmayıb. Cəmilə Məmmədli özü kimi fiziki imkanları məhdud olan insanlara da səslənib.


“Nə yalan deyim, düşündüyümdən daha asan oldu. Təbii ki, lift və ya başqa qurğu olsaydı, heç kəsə ehtiyacım olmazdı. Yanımda olan Rəfiqəmə də xüsusi təşəkkürlər. Həmçinin, bütün kömək edənlərə sağol deyirəm.


Özümün valideynləri də başda olmaqla bütün əlilliyi olan insanların valideynlərinə və özlərinə "qorxmayın, qorxutmayın" deyirəm”.



Qeyd edək ki, Əlillərin və fiziki imkanları məhdud insanların metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə Bakı Metropoliteni tarixində ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəyə start veriləcək.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəımiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS -ə bildirib ki, məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır:



"Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil.


Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür.


Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır".


Ziya SƏCCAD
BAKU.WS