SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda son vaxtlar avtomobillərin qəfildən alışaraq yanması halları çoxalıb.

BAKU.WS-in məlumatına görə, avtomobillər hərəkətdə olarkən və ya tıxacda dayanarkən qəfildən yanır.

Bəzi sürücülər bunun səbəbinin benzinin keyfiyyəti ilə əlaqəli olduğunu bildirirlər.

Avtomobil ustası Vüsal Mehdiyev isə BAKU.WS-ə açıqlamasında bu faktın qətiyyən doğru olmadığını bildirib.

Onun sözlərinə görə, avtomobilin qəfildən alışaraq yanmasının əsas səbəblərindən biri mühərrikxanada naqillərin köhnəlməsi və bu səbəbdən qısaqapanmanın olmasıdır.

Vüsal Mehdiyev köhnə avtomobil sürücülərinin çox vaxt mühərrikxanadakı naqilləri yoxladıqlarını bildirdi:

“Yaxud da həmin elektrik naqillərini kustar üsulla izolyasiya edirlər. Naqillərin üzü quruyub tökülür. Naqillər bir-birlərinə dəyəndə və ya naqillərdə gərginlik çoxalanda yanğın baş verir”, - deyə usta qeyd etdi.

Avtomobilin mühərrikinin üst hissəsinin “proklatka”sının köhnə olmasının da yanğına səbəb olduğunu deyən Vüsal Mehdiyev qeyd etdi ki, mühərrikxanada yağ sistemi səsboğucunun yanma kamerasının üzərindədir:

“Tıxacda dayanarkən səsboğucuda hərarət çoxalır və soyuma getmir. Maşın da nasaz olduğu üçün alışma oradan başlayır. Kapotun üstünün keçəsinin qırılıb mühərrikxanaya düşməsi nəticəsində də yanğın başlaya bilər.

Bundan başqa, qəfil yanğına səbəb olanlardan biri də akkumlyatorun kislotasının qırağa tökülməsidir. Kislota akkumlyatorun düz yanında olan qoruyucu blokun üzərinə tökülür və “yeməyə” başlayır. Nəticədə maşın alışır”, - deyə Vüsal usta bildirdi.

Avtomobil qəfil alışarkən nə etmək lazımdır?

“Alışan vaxtı kapotu açmaq olmaz. Alov oksigenlə təmasa girərək daha da alışır. Mühərriki söndürmək, baqajı, qapıları açmaq lazımdır. Bir neçə dəqiqədən sonra yanğının söndürülməsi üçün alov söndürən qurğudan istifadə etmək olar”, - deyə Vüsal usta tövsiyyə etdi.

BAKU.WS