SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarının Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilməsi ilə bağlı açıqlama verib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, 15-27.09.2022 tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə həftəiçi ortalama gündəlik 23 104 nəfər sərnişin daşınıb, bunun 81 %-ni Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə, 19%-ni Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma təşkil edib.

Hazırda hər iki istiqamət üzrə sərnişin sıxlığı müşahidə olunsa da, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə sıxlıq daha çox olduğundan Sumqayıt-Xırdalan-Bakı istiqamətində saat 07:45 qatarı Sumqayıt-Pirşağı-Bakı istiqamətinə yönləndirilib.

Xatırladaq ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur.

Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. 1 qatar isə ehtiyat qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır.

Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir. Sərnişin sıxlığı nəzərə alınaraq, yeni qatarların alınması istiqamətində işlər aparılır.

***11:37

Məktəb və universitetlərin başlamasından sonra Sumqayıt-Xırdalan-Bakı qatarında acınacaqlı vəziyyət hökm sürür. Belə ki, vətəndaşlar qatardan istifadə etmək üçün ondan yararlanmaqda çətinlik çəkirlər.

BAKU.WS xəbər verir ki, bu günlərdə işdən çıxarkən vətəndaşların qatara minmək istəyərkən yaranmış acınacaqlı vəziyyətlə bağlı görüntülər yayılıb.

Görüntülərdə vətəndaşların böyük çətinlik hesabına qatara minməyə nail olduqları, bəzilərinin isə kənarda qalması öz əksini tapıb.

Gündəlik qatardan istifadə edən vətəndaşlar oxşar vəziyyətin hər gün müşahidə olunduğunu, lakin problemin həlli istiqamətində addım atılmadığını bildirirlər.

Qeyd edək ki, dünən Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə reys ləğv edilib.

BAKU.WS
VİDEO