SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün onlayn televiziyalar içərisində ən geniş auditoriyaya sahib olan “Baku TV” tərəfindən 44 Günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları ilə görüş keçirilib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, BAKU.TV-nin redaksiyasında təşkil edilən görüş çərçivəsində şəhid övladları redaksiyada görülən işlərlə tanış olub. Onlara jurnalistikanın sirləri, gündəlik izlənilən xəbərlərin necə ərsəyə gəlməsi barədə ətraflı məlumat verilib.

BAKU.TV-nin direktoru Ramin Cəfərovun təşəbbüsü ilə şəhid övladları üçün təşkil edilən görüş zamanı uşaqlar redaksiyanın əməkdaşları, onların gün ərzindəki iş rejimi ilə tanış olub, onları maraqlandıran suallara cavab tapıblar.

Uşaqlar görüş zamanı redaksiyanın səs yazma studiyası, müsahibə otağı, çəkiliş studiyası, qrim otağı və digər otaqlarda gedən prosesləri izləyiblər. Bir neçə saat davam edən kiçik gəzinti zamanı uşaqları müşayət edən BAKU.TV-nin İctimai-siyasi şöbəsinin rəhbəri Tural Museyibov jurnalistikanın ən incə sirrləri barədə onlara məlumat verib.

Şəhid övladları arasında medianın maraqlı sahə olduğunu düşünənlər özlərini bir neçə dəqiqəlik də olsa müxbir, operator, xəbər parıcısı, mantajçı kimi də sınayıblar. Onlardan bir neçəsi gələcəkdə özlərini bu sahədə gördüklərini, bu sahə üzrə təhsil almaq istədiklərini deyiblər.

Şəhid övladlarının bir qismi "oxu.az"ın mikrofonuna tuş gəlib. Gələcəyin jurnalistləri, operatorları bəlkə də tanınmış xəbər aparıcıları olacaq balacaların bu günki təəssüratlarını öyrənməyə çalışdıq.

Şəhid mayor İlkin Əhədzadənin qızı Fidan Əhədzadə XX əsr Təhsil və İnnovasiya liseyinin 7-ci sinfində təhsil alır. O deyir ki, televiziya haqqında bilmədiyi sirləri bu gün kəşf edib:

“Mənim üçün çox maraqlı idi. Daha əvvəl də AzTV-nin redaksiyasında olmuşduq, orada görülən işlərlə tanış olmuşduq. Əvvəl elə bilirdim ki, xəbər aparıcıları çıxışları əzbərləyirlər, bura gəldikdən sonra bildim ki, onlar xəbərləri qarşıdakı suflyordan oxuyurlar. Daha çox isə qrim otağını bəyəndim”.

Şəhid Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva Sumqayıt şəhər general-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Ləman böyüyəndə tərcüməçi olacağını desə də, jurnalistlərin işinin də maraqlı olduğunu deyir:

“Bura gəlmək üçün çox can atırdım. Qrim otağı çox xoşuma gəldi. Məni burada çox təəccübləndirən məqamlardan biri xəbər aparıcılarının informasiyaları əzbərdən deməməsi oldu. Bu çox çətindir. Mən özüm gələcəkdə tərcüməçi olmaq istəyirəm. Rəsmlə məşğul oluram, rəqsi sevirəm. Amma bunlar mənim üçün hobbidir, gələcəkdə peşəkar tərcüməçi olmaq arzusundayam”.

Şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov Xətai rayonu 59 saylı tam orta məktəbin yeddinci sinif şagirdidir. O isə kompüter sahəsi ilə maraqlandığı üçün özünü operator kimi sınadığını deyir:

“İlk təəssüratlarım çox gözəl oldu. Bura çox maraqlıdır. Jurnalistlərin xəbər istehsal edən zaman nə qədər əziyyət çəkdiklərini burada anladım. Canlı yayım zamanı texniki problem yaşanan zaman müxbirlərin vəziyyətdən necə çıxdığını öyrəndik. İş prosesi zamanı özümü operator kimi sınadım. Çəkilişlərə, montaja, kompüter sahəsinə marağım böyükdür və gələcəkdə bu sahədə təcrübə keçmək istəyərəm”.

Şəhid polkovnik-leytenant Mehman Qəmbərovun oğlu Nurlan Qəmbərov deyir ki, bundan öncə də şəhid övladlarının birgə müxtəlif redaksiyalara təşkil edilən turlarında iştirak etdiyini deyir:

“Biz bir çox düşərgələrdə də birlikdə olmuşuq. Bu gün media sahəsində çalışanların iştirakı ilə jurnalistikanın öründüyü kimi asan olmadığını anladım. Kənardan baxdıqda bu iş asan gələ bilər, amma heç də elə deyil. Bizə zaman ayırdığı üçün Baku Tv-nin rəhbərliyinə təşəkkürlərimizi bildiririk”.

Şəhid polkovnik-leytenant Səlim Musayevin qızı Arzu Musayeva XX əsr Təhsil və İnnovasiya liseyinin 9-cu sinfində təhsil alıb. Onu ən çox təəccübləndirən səsyazma studiyası olub:

“Mən ilk dəfə bilirəm ki, bu otaqlar xüsusi olaraq hazırlanır və kənar səslər otaqda eşidilmir. Burada xəbər səsləndirməyə çalışdım. Həmin otaqda danışan zaman səslər çox təmiz və aydın eşidilirdi. Gələcəkdə mən həkim olacam. Çünki bu, mənim atamın arzusu idi”.

Redaksiya ilə tanışlıq bitdikdən sonra BAKU.TV-nin direktoru Ramin Cəfərov şəhid övladlarının təəssüratlarını öyrənib. Onları maraqlandıran sualları cavablandırıb və redaksiyada onlar üçün ən maraqlı məqamlar barədə fikir mübadiləsi aparıb.

Maraqlı bir günün sonunda R.Cəfərov görüşdə iştirak edən şəhid övladlarının hər birinə sertifikat və kiçik hədiyyələr təqdim edib. Onlarla gələcəkdə hansı sahəni seçmələrindən asılı olmayaraq müvəffəqiyyətlər arzu edib.

BAKU.WS
VİDEO

QALEREYA