SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi Bakı və Abşeron ərazisində, üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir.

BAKU.WS-in çəkiliş qurupu həmin yarmarkalardan birinə, Nərimanov rayonu ərazisindəki bazara üz tutub.

“Gənclik” metrostansiyası yaxınlığında təşkil olunmuş "Kənddən Şəhərə" Yarmarkasına maraq böyük idi.

İlk öncə qiymətlərlə maraqlandıq. Digər bazarlarla müqayisədə "Kənddən Şəhərə" Yarmarkasında qiymətlər nisbətən ucuz satılır.

Yarmarkada ilk nəzərə çarpan kartof, soğan və ətin ucuz olması idi. Mal əti 9,50 AZN, quzu əti isə 12,50 AZN təşkil edir. Kartof 40 qəpikdən 55 qəpiyə qədər satılır. Soğan isə 50 qəpikdən başlayır.

Burada narın qiyməti 2 manatdan 3 manata qədər təşkil edir. Alma növlərinə görə qiymətləri də fərqlənir. Ən ucuz alma 1 manatadır. Həmin alma digər satış məntəqələrində 1,50 AZN-dən ucuz deyil.

Bu bazarın fərqli cəhətlərindən biri də məhsulların fermerlər tərəfindən satılması idi. Hər bir kəndli Dövlət Aqrar Ticarət Şirkətinə müraciət etdikdən sonra öz məhsulunu yarmarkaya çıxara bilər.

Belə fermerlərdən biri də Niyazi Abdullayevdir. O, özü becərdiyi düyü növlərini bazara çıxarıb. Düyülərin qiymətləri də digər ticarət mərkəzlərindən ucuzdur.

Yarmarkada müxtəlif balıq növlərinə də rast gəlmək mümkündür. Belamur, Xan – 8 AZN, Sazan – 8 AZN, Sudak, Xəşəm – 10 AZN, çay fareli 11 AZN təşkil edir.

Məhsulların keyfiyyətinə gəlincə, Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, yarmarkada satılan bütün mallar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq yoxlanılır.

“Məhsulların keyfiyyətilə bağlı hansısa sıxıntımız yoxdur. Yarmarkanın yanında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyası fəaliyyət göstərir.

Yarmarkada satılan bütün məhsullar həmin laboratoriyada yoxlanılıb. Əgər kimsə aldığı məhsulun keyfiyyətini yoxlatdırmaq istəsə həmin laboratoriyaya müraciət edə bilər”, - Mais Musayev bildirib.

Qeyd edək ki, "Kənddən Şəhərə" Yarmarkası həm də yenilikləri ilə əvvəlki bayram yarmarkalarından seçilir. Belə ki, bazarda uşaqlar üçün əyləncə guşəsi yaradılıb. Valideyn alış-veriş edərkən uşaq həmin guşədə oynaya bilər.

Digər yeniliklərdən biri də satıcı və alıcıların isti çay içmək, eləcə də ayaqüstü qidalanmaları üçün xüsusi yerlərin təşkil edilməsidir.

Xatırladaq ki, Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir.
Yarmarkanın ünvanları:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Yarmarkadan hazırladığımız foto və videonu təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

QALEREYA