SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş, gizir Pəncəli Teymurovun toyundan olan  video görüntülər hər kəsi həm qəhərə boğub, həm də bir daha qürurlandırıb. 

Şəhidimiz 3 il əvvəl, 2013-cü ildə baş tutan öz toyunda bu sözləri deyibmiş: "Hər zaman xalqım, vətənim, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”.  

Video görüntülərindən məlum olur ki, şəhidimizin toyunda müğənni Manaf Ağayev də iştirak edib. Müğənni əlaqə saxlayıb, şəhidimiz barəsində yeni bilgilər öyrənməyə çalışdıq. 

Manaf Ağayev musavat.com-a açıqlamasında şəhid Pəncəli Teymurovun onun pərəstişkarı olduğunu bildirdi: "Bu gün şəhidimizin üç mərasimidir. Mən indi mərasimə gedirəm. Bəli o, mənim  pərəstişkarım idi, xətrimi çox istəyirdi. Bəy paltarında çıxıb dedi ki, "Bir arzum qaldı, mən şəhid olum”. O, bilirdi ki, şəhid olacaq, sağlığında demişdi bunu. Onun danışığından sonra "Ay vətən oğlu” mahnısını ifa etmişdim. Onun şəhid olduğunu internetdən gördüm. Dünən anası, qardaşı mənə zəng edib dedilər ki, məni görmək istəyirlər. Mən də oğlanlarım, dostlarımla onun yas mərasiminə gedirik. Sonra da qəbir üstünə gedəcəyik”.

Manaf Ağayev şəhidimiz haqda digər maraqlı məlumatları da açıqlayıb: "Vətənpərvər oğlanlarımız çoxdur. Amma mən hələ ömrümdə belə vətənpərvər görməmişdim. O, evlənəndə 32 yaşı var idi. Soruşdum ki, "Niyə gec evlənirsən?” Elə bir söz dedi ki, mənim yadımdan çıxmaz. Dedi ki, "Məni evləndirirlər, mən evlənmək istəmirəm. Mən nə vaxtsa şəhid olacam, ona görə də evlənmirdim. Mən məcburən evlənirəm”. Bu sözü demişdi”.

Müğənni şəhidimiz üçün maraqlı jest etməyə hazır olduğunu deyib: "Əlbəttə, məsləhət olarsa, həmin toyda aldığım pulu onun ailəsinə geri qaytararam. Mən həmişə belə jestlər etmişəm”.

Qeyd edək ki, şəhid Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb. 

1981-ci il təvəllüdlü Pəncəli Teymurov hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq, xidmətini davam etdirib. Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif olunub.
 
BAKU.WS