Ulduz futbolçu Zlatan İbrahimoviç avqustun 6-da"Qalatasaray”la müqavilə imzalayacaq. 

BAKU.WS-in məlumatına görə, bu barədə İsveçin "Aftonbladet” qəzeti iddia edir. Nəşr hesab edir ki, tərəflər artıq razılığa gəlib və futbolçu yeni mövsümdən etibarən İstanbul təmsilçisinin formasını geyinəcək. Qəzet bildirir ki, Zlatan avqustun 6-da İstanbula gələrək sağlamlıq testindən keçəcək. 

İsveçin 33 yaşlı ulduzu ilə "Milan”, "Roma” və "Mançester Yunayted”in də maraqlandığını ancaq transfer üçün ən yüksək təklifi "Qalatasaray”ın etdiyini məlum olub. Nəşrin iddiasına görə, "Milan”Zlatana 6,5 milyon, türk klubu isə 12 milyon avro maaş təklif edib. Hazırda PSJ klubu ilə danışıqlar aparan "Qalatasaray” klubunun yaxın günlərdə transferi açıqlayacağı gözlənilir. 
 
Zlatan İbrahimoviç İsveç milli futbol komandasının və Fransanın "Pari Sen Jermen" klubunun heyətində çıxış edir. O, hücumçu mövqeyində çıxış edir.

İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999-2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001-2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ilə "İnter"dən ayrılaraq İspaniyanın nəhəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.

İbrahimoviç 2001-ci ildə İsveçin 21 yaşadək milli komandasının heyətində oyunlara çıxıb. 2001-ci ildən İsveçin əsas milli komandasına dəvət olunur. Millinin heyətində 2004, 2008 və 2012-ci illərdə UEFA Avropa Kubokunda, 2002 və 2006-cı illərdə isə FİFA Dünya Kuboku yarışlarında iştirak edib. İndiyə kimi 101 oyunda meydana çıxıb və 53 qol vurub. O, İsveç milli komandasında 100 oyun həddinə çatan on futbolçudan biridir. 

 

 

 

 

 

 BAKU.WS