SİZİN REKLAM BURADA!
055 213 76 73


Son 10 ildən artıq müddətdə Azərbaycan milli komandasının heyətində müxtəlif vaxtlarda 20-dən artıq milliləşdirilmiş futbolçu çıxış edib və onların bəzisi (məsələn, Dmitri Nazarov, Riçard Almeyda, Eddi İsrafilov, Pavel Paşayev və s.) bu gün də millinin baş məşqçisi dəvət etdiyi təqdirdə millimizin oyunlarında iştirak edir.

Bu barədə BAKU.WS-in sorğusuna cavab verən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat daxil olub. 

Məlumatda bildirilir ki, millinin üzvlərinə qələbə və heç-heçə müqabilində müvafiq əsasnaməyə uyğun olaraq mükafat ödənilir: "Lakin etik normaların pozulmaması üçün AFFA komanda üzvlərinə təqdim olunan mükafatın məbləğini açıqlamır". 

AFFA-dan həmçinin BAKU.WS-ə açıqlanıb ki, milli komandanın baş məşqçisi ilə bağlı müzakirələr İcraiyyə Komitəsinin növbəti iclasında aparılacaq: "Konkret namizədlərlə bağlı iclasdan sonra ictimaiyyətə məlumat verilməsi nəzərdə tutulub".

Məlumat üçün bildirək ki, AFFA futbolçuların transfer qiymətlərinin bu və ya digər şəkildə müəyyənləşdirilməsi və tənzimlənməsi prosesində iştirak etmir. Bu, birbaşa olaraq klubların səlahiyyətinə aid məsələdir və əlavə məlumat almaq üçün klublara müraciət edə bilərsiniz.

Orxan Hüseyn
BAKU.WS