SİZİN REKLAM BURADA!
055 213 76 73


Peşəkar Futbol Liqası (PFL) “Ağsu” futbol klubunun  I Diviziondan kənarlaşdırıldığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib.

Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan I Diviziondan kənarlaşdırmağı qərara alıb. Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdirlər.

"Ağsu"nun baş məşqçisi Zaur Əsədov apasport.az-a açıqlamasında bildirib ki, Komandanın çempionatdan çıxacağı çoxdan bəlli idi:

“Danışılmış oyunlarda iştirakına görə 14 futbolçusu və 3 rəsmisi futboldan uzaqlaşdırılan bölgə təmsilçisi I diviziondan çıxıb və fəaliyyətini dayandırıb. Məsələyə münasibət bildirən Zaur Əsədov aşağı yaş qruplarının dağıdılmasının yanlış addım olduğunu söyləyib: "Dörd yaş qrupumuz var idi. Yaxşı, onların günahı nə idi? Deyək ki, rəhbərlik əsəbləşdi, əsas komandaya baxmaq istəmədi. Heç olmasa aşağı yaş qrupu üzrə komandalar davam edərdilər. Axı burada uşaq futbolu üçün şərait var idi, müəyyən dərəcədə inkişaf olmuşdu".

Baş məşqçi matçlar zamanı futbolçuların oyunları "satmalarından" şübhələndiyini və AFFA-nı da bununla bağlı məlumatlandırdığını vurğulayıb:

"Açığı, hiss edirdim ki, nəsə var. Amma əlimdə sübut yox idi. Oyunlarda bunları hiss edirdim, şübhələnirdim. Növbəti oyunda digər futbolçuları oynadırdım, onlar da səhv edirdilər. 5-10 manatdan ötrü adlarını, karyeralarını məhv etdilər, kluba, Azərbaycan futboluna ziyan vurdular. Əslində birinci dövrənin başa çatmasını gözləyirdim ki, onları göndərim, komandanı gəncləşdirim. Təəssüf ki, AFFA hər şeyi hamıdan əvvəl bildi. Rəhbərliklə görüşlərimiz də olurdu, oyunları təhlil edirdik, uşaqlara xəbərdarlıq edirdik. Həmçinin AFFA ilə də əlaqədə idik, onları məlumatlandırırdıq ki, belə hallardan şübhələnirik, sadəcə əlimizdə sübut yoxdur".

Gənc mütəxəssis I divizionun formatının dəyişdirilməsinin vacibliyini qeyd edib: "Birinci diviziona diqqət ayırmaq lazımdır. Futbolçuların maaşları gərək yaxşı olsun, normal şərait yaradılsın. I divizionu əvəzedicilərdən ayırmaq, limitdə dəyişiklik etmək lazımdır. Əvvəlki I divizionun səviyyəsini bərpa etsəydilər, belə şeylər olmazdı. Düzdür, indi danışılır ki, növbəti mövsüm iki komanda Premyer Liqaya yüksələcək. Amma hələ də heç kim buna inanmır. Dəqiqləşdirmək lazımdır ki, bu komandalar yüksək liqada oynamağa hazırdırlarmı?".

Qeyd edək ki, 2020/21 mövsümündə Premyer Liqada 10 klubun iştirakı planlaşdırılır. Birinci diviziondan “Turan-Tovuz” və “Kəpəz” komandalarının yüksək dəstəyə çıxacağı bildirilir.

Məlumat üçün bildirək ki, “Ağsu” klubu 2012-ci ildə yaradılıb. Bu klub 1-ci divizonda iştirak etdiyi ilk mövsümdə - 2012/2013 mövsümündə çempion olmuşdu. Bundan başqa, 2014/2015 mövsümündə Gümüş medal, 2015/2016 mövsümündə isə Bürünc medal qazanmışdı.

BAKU.WS