İrlandiya mətbuatı "Qarabağ" - "Dundalk" oyunu öncəsi Azərbaycanla bağlı qərəzli material yayıb.

BAKU.WS-in məlumatına görə, İrlandiya mətbuatı iddia edib ki, "Qarabağ"la Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması üçün Bakıya gələn İrlandiyanın “Dundalk” futbol klubunun futbolçusu Şon Qennon və Ceymi Makqrat, eləcə də klubun iki fotoqrafı və İrlandiya İctimai Teleşirkətinin jurnalisti Bakı bulvarında reportaj hazırlamaq istəyiblər. Bu zaman polislər onlara yaxınlaşaraq çəkilişə icazələrinin olmadıqlarını bildiriblər.

İrlandiya mətbuatı iddia edir ki, bu zaman 8-9 polis əməkdaşı irlandlara yaxınlaşaraq onlardan çəkilişi dayandırmalarını xahiş ediblər.

İrlandiya bu halı dramatikləşdirərərək oyunöncəsi futbolçuları qorxutduğunu və onların psixologiyasına pis təsir etdiyini iddia edib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, Bakıda irland futbolçularla bağlı hər hansı bir insident olmayıb.

Bakı bulvarı İdarəsindən də, BAKU.WS-ə belə halın olmadığını, yazılanların iddia olduğunu bildiriblər.

Qeyd edək ki, "Qarabağ" - "Dundalk" oyunu bu gün 21:00-da "Dalğa arena"da baş tutacaq. İrlandiyada baş tutan ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Çox güman ki, İrlandiya çempionu bu gün baş tutacaq matçda alacağı uğursuz nəticəyə haqq qazandırmaq üçün belə bir süni ajiotaj yaradır. 

Əminik ki, "Qarabağ" irlandlara layiqli cavabı "Dalğa arena"da verəcək! 

Ziya Səccad
BAKU.WS


QALEREYA