Azərbaycanın güləşçisi Cəbrayıl Hacıyev İtaliyada keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatının finalına yüksəlib. Dörd güləşçimiz isə bürünc medal uğrunda mübarizə aparacaq.

BAKU.WS Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, çempionatın beşinci günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.

Çempionatda 65 kiloqram çəki dərəcəsində yarışan Cəbrayıl Hacıyev ilk görüşünü tam üstünlüklə başa vurub – 10:0. Yığma üzvü italiyalı güləşçiyə aman verməyib. Polşa idmançısı da yarım dəqiqədən artıq tab gətirə bilməyib və 10:0 hesabı ilə məğlubiyyətə uğrayıb. C.Hacıyev Ukraynanı təmsil edən erməni rəqibinə də gücünü göstərərək adını finala yazdırıb - 8:3. Pəhləvanımız iyunun 22-də çempionluq üçün son görüşünü rusiyalı İman Şixşabekova qarşı keçirəcək.

Digər idmançımız Ramiq Heybətov (48 kq) debütdə çətinliklə də olsa, ukraynalı rəqibini üstələyib. Ancaq dörddəbir finalda Fransa idmançısına qalib gəlmək üçün cəmi bir dəqiqə Ramiq üçün kifayət edib. Ancaq yarımfinalda minimal hesabla uduzan R.Heybətov iyunun 22-də bürünc medal uğrunda güləşəcək.

Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Zirəddin Bayramov startda çətinlik çəkmədən belaruslu həmkarını mübarizədən kənarlaşdırıb. Şəmkir güləş məktəbinin yetirməsinin qarşısında gürcü idmançı da aciz qalıb. Ancaq Z.Bayramov finalın bir addımlığında türkiyəli güləşçi ilə bacarmayıb. O, iyunun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Abdulcəlil Şabanov (80 kq) polşalı idmançıya cəmi 36 saniyədə “tuşe” ilə qalib gəlməklə Avropa çempionatına inamla start verib. Həmyerlimiz Moldovadan olan rəqibinə də göz açmağa imkan verməyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında ukraynalı rəqibinə məğlub olan A.Şabanov iyunun 22-də bürünc medal uğrunda görüşəcək.

Hamlet Nəsibli (110 kq) ilk görüşdə Belarus təmsilçisinə qalib gəlib. Nəsibli gürcü rəqibini də məyus edərək yarımfinala adlayıb. Ancaq bu mərhələdə bolqar idmançıya uduzan Hamlet iyunun 22-də üçüncü yer üçün güləşəcək.

Yarışın dördüncü günündə daha üç qız güləşçimiz mübarizəyə qoşulub.

Elnurə Məmmədova ilk görüşdə Almaniya güləşçisi ilə qarşılaşıb. Son saniyələrdə üstünlüyü əldən verən Elnurə minimal fərqlə uduzub - 2:3. Ancaq rəqib finala yüksəldiyi üçün E.Məmmədova təsəlliverici qarşılaşmaya çıxıb. Danimarkalı rəqibinə ilk hissədə 12:0 hesabı ilə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Sonuncu qarşılaşmada Polşa idmançısı ilə üz-üzə gələn həmyerlimiz 3:0 hesabı ilə qələbə qazanaraq Avropa üçüncüsü olub.

Digər idmançımız Lalə Mirzəyeva ilk mərhələdə polşalı rəqibinə qalib gəlib. Ancaq daha sonra Rumıniya idmançısına yenilib. Mərziyə Sadıqova ilk görüşdə Fransa təmsilçisinə uduzub.

BAKU.WS