SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli komandamızın Avro-2020-ni seçmə mərhələsi çərçivəsində öz meydanında Slovakiyaya 1:5 hesabı ilə məğlub olması balacadan böyüyə hamını hiddətləndirdi.

Hərənin özünə görə haqlı səbəbləri var. Çünki, son illərdə klub səviyyəsində yüksələn qrafikdə uğurlu çıxışdan sonra azarkeşlər milli komandada da uğurlu nəticə gözləyir. Lakin, bunun əksinə olaraq hər keçən oyunda daha biabırçı hesablarla uduzan komandaya olan ümidlər də ölmək üzrədir.

Əslində biz illərdir biabırçı məğlubiyyətlər görə-görə buna öyrəşmişik. Daha doğrusu öyrəşməyə məcbur ediblər. Arada çaşıb qalib gələndə biraz özümüzü aldatmışıq, nəyəsə ümid etmişik.

Amma Lixtenşteyn kimi “cırtdanlara” həm gənclər, həm də əsas milli çərçivəsində tarixində ilk xalları qazandıran futbolçularımızdan başqa nə gözləyəsən ki? Xəritədə ölkəmizin harada olduğunu bilməyən lixtenşteynlilər, milli komandalarımızın sayəsində indi bizi əzbər bilirlər.
Millətlər Liqası başlamadan öncə rəqiblərinə yuxarıdan aşağı baxaraq özünü aşkar favorit olaraq görən, sonda isə biabırçılıqla üzləşən milli komandamızdan Slovakiya qarşısında da nəsə gözləmək sadəlöhvlük olardı.

Amma görmək istədiyimiz də bu deyildi. Ən azından mübarizə görmək istəyirdik. Özünə kişi deyib ortada gəzən futbolçulardan belə namərdlik gözləmirdik. Düzdür, komanda məğlub da olar, qalib də gələr, amma ruhla mübarizə aparar, qazandığı pulun haqqını verər. Azarkeşlər də hər zaman komandasını dəstəkləyər. Lakin, dünənki oyundakı komandanı necə dəstəkləyəsən? Geyindiyi formasının üstündəki bayrağa hörmət etməyənə biz niyə hörmət etməliyik?

Komandamız sözün əsl mənasında morqa oxşayırdı. Top dalınca qaçmağa əziyyət çəkən 11 ruhsuz bədən cansız meyit təsiri bağışlayırdı.
Hə bir də məsələnin bu təəfi var ki, millimizin əsas özəyini “Qarabağ”ın futbolçuları təşkil edir. Bu klubun ehtiyat oyunçularla birlikdə 8 oyunçusu milli komandaya çağırılmışdı və bir çoxu da forma geyindi. Hamı indi “Qarabağ”ın futbolçularını ona görə daha çox tənqid edir ki, çünki o futbolçulardan gözlənti daha böyükdür. Belə bir söz var ki, uman yerdən küsərlər. 

Millinin heyətinə çağırılmış Qara Qarayev, Bədavi Hüseynov, Maksim Medvedev, Riçard Almeyda, Mahir Əmrəli “Qarabağ”ı Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələsinə çıxarmış futbolçulardır. Necə olur ki, klub səviyyəsində canla-başla oynayan bu futbolçular, milli komandada bərbad çıxış edirlər?! Məşqçi faktoruna görədir? Əgər elədirsə Qurban Qurbanov milliyə rəhbərlik edərkən niyə uğur qazana bilmədilər? Yoxsa “Qarabağ”ın ÇL-dəki rəqiblər millimizin Avro-2020-dəki rəqiblərindən daha zəif idi?

Məncə istənilən səbəb sadəcə bəhanədir. Görünən budur ki, komandamızda futbolçularda milli ruh əskikliyi var. Oyunun 1-ci dəqiqəsindən etibarən sanki “bircə oyun tez bitsədi” düşüncəsi var.

Məsələ futbolçularla bitsə dərd olmazdı. Xilaskar kimi milliyə çağırılan “Morq başçısı” Nikola Yurçeviç bu işi bacarmadığını etirf etməkdənsə, müxtəlif bəhanələr gətirir.

Heç bir uğuru olmayan, futbol bilgisi məhdud olan bir insanın onsuz da bataqlıqda çırpınan Azərbaycan futbolunu daha da dibə batıracağı əvvəldən məlum idi. Bunun həyəcan siqnalı hələ onun təyinatından öncə mətbuatda verilmişdi.

“Əlimizdə olan futbolçular budur. Slovakiyanın bir futbolçusunun qiyməti 25 milyon avrodur” deməklə özünü “sudan quru” çıxartmağa çalışan Yurçeviç görəsən “Dinamo Zaqreb”, “Vest-Hem”, “Salzburq” və s. klublardan niyə qovulmuşdu? Orda ki, daha güclü futbolçular olub. Deməli, məsələ sadəcə futbolçularla bağlı deyil.
BAKU.WS