VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyununun təşkilatçılığı xeyli qüsurla diqqət çəkib.

"Report"un məlumatına görə, Avropanın ən inkişaf etmiş məkanlarından adlandırılan İspaniyanın paytaxtı Madriddə neqativ hallar hələ oyundan əvvəl müşahidə olunmağa başlayıb. Qarşılaşmaya iki gün qalmış "Liverpul"un avtobusu final oyununun keçirildiyi "Vanda Metropolitano" stadionunda tunelə ilişib. Nəticədə Mersisayd təmsilçisi yarım saat ərzində tuneldə qalıb.

Növbəti neqativ hal bilet satışı zamanı üzə çıxıb. Bu zaman saxta biletlər satılıb, zorakılıq hallarına yol verilib. BBC yazır ki, “Radio Galler”in aparıcısı Vinn Evans Çempionlar Liqasının finalına onlayn qaydada 2 bilet almaq üçün 7 min funt sterlinq ödəsə də, aldanıb. Ona biletlərin artıq mövcud olmadığını deyiblər.

"14 yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar” - deyə Evans bildirib.

O, sonra daha çox pul ödəyərək, iki bilet alıb. Lakin əvvəl ödədiyi pulu geri ala bilməyəcəyindən qorxur.

Daha bir bilet fırıldaqçılığına isə stüard və məmur geyimli şəxslər yol veriblər. Onlar fanatlardan saxta qurğulardan yararlanmaqla oğurlayıblar. Bununla bağlı İspaniya polisi və UEFA azarkeşlərə daha diqqətli olmalarına dair çağırış edib.

Amma İspaniya polisləri özlərini heç də qətiyyətli apara bilməyiblər. Nüfuzlu "El Mundo" qəzeti yazır ki, qeyri-etik hərəkətlər edən və italiyalı turisti yaralayan ingiltərəli azarkeş saxlanılarkən, 3 polis əməkdaşına xəsarət yetirib. Məqalədə deyilir ki, polis hadisə yerinə mümkün iğtişaşların qarşısını almaq və saxta bilet satışına imkan verməmək üçün gətirilmişdi. Çünki Madridin küçələri oyuna gələn minlərlə biletsiz azarkeşlə doludur. Bir müddət əvvəl şəhərdə saxta bilet satmaq istəyən bir qrup italiyalı həbs olunub.

Polisdən o da bildirilib ki, Böyük Britaniyadan olan 4 azarkeş polisə qarşı aqressiv hərəkətlərinə, 1 qadın isə 2 saxta bileti 8400 avroya satmaq istədiyi üçün saxlanılıb.

Oyun günü isə Madrid küçələrində inanılmaz tıxac müşahidə edilib. "İrish Mirror" yazır ki, “Liverpul” klubunun sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqlişla İan Raş dəhşətli tıxaca görə avtomobillərini tərk edərək stadiona piyada getməli olublar. "Vanda Metropolitano"ya gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb. Avtomobili tərk edən “üçlük” “Liverpul” azarkeşlərinə qoşularaq qalan yolu piyada qət etmək məcburiyyətində qalıblar.

"Qırmızılar" bilet bölgüsündən də narazılıqlarını bildiriblər. Buna 64 min tamaşaçı tutumuna malik stadionda klubun fanatları üçün 16613 azarkeşin ayrılması səbəb olub. "Liverpul"un icraçı direktoru Piter Mur bununla bağlı UEFA prezidenti Alekander Çeferin qarşısında məsələ də qaldırıb.

"Tottenhem" azarkeşləri isə Londondan Madridə uçarkən insident yaşayıblar. Klubun 200-dək fanatının olduğu təyyarə quş zərbəsindən zədə aldığı üçün məcburi eniş edib. Nəticədə azarkeşlər oyuna yetişə bilməmə təhlükəsi ilə üzləşiblər.

Daha bir azarkeş oyun ərəfəsində onlarla insanın gözləri qarşısında ədəbsiz hərəkət edib. İtaliyalı qadın turist ona etirazını bildirdikdə, sifətindən zərbə alıb. Nəticədə xanım özündən gedib və gözlərini xəstəxanada açıb. Biabırçılıqla məşğul olan sərxoş fanat isə onu qandallamaq istəyən 3 polisi vurub.

Stadiona gedən yollarda isə təkcə tıxac yox, əsl natəmizlik hökm sürüb. Ayrı-ayrı yerlərdə plastik və dəmir qabların küçələrə atılması səbəbindən zibilliklər "göz oxşayıb".

Finaldan öncə isə otellərin və hostellərin qiyməti çox yüksək olub. Buna görə də bəzi turistlər birbaşa Madridə deyil, yaxın məkanlara gedərək, ev kirayələyiblər və final gecəsi paytaxt şəhərə gediblər.

Bütün nöqsanlar pik həddinə oyun zamanı meydana yarıçılpaq azarkeşin girməsi ilə çatıb. Çimərlik geyimində olan fanatın adi şəxs deyil, amerikalı aktrisa və model olduğu üzə çıxıb.

Neqativ hallarla bağlı sosial şəbəkələrdə də xeyli tənqidlər ifadə olunub. "Men in Blazers" adlı istifadəçi yazıb: "Bakı, bağışlayın ki, sizə güldük. Siz oyundakı görüntülər baxımından daha yaxşı idiniz".

Siyavuş Fallahi isə bunları qeyd edib: "Bakıdakı stadion Madriddəki oyuna layiqdir, Madriddəki stadion isə Avropa Liqasının final oyununa".

Bütün bunlar onu göstərir ki, Bakıdakı Avropa Liqasının final oyununun təşkilatçılığı Madriddə keçirilmiş Çempionlar Liqasının həlledici qarşılaşmasına nəzərən daha yüksək səviyyədə olub. Bu baxımdan, Azərbaycan paytaxtına Avropanın ən nüfuzlu klub turnirini həvalə etmək də olardı. Amma UEFA İcraiyyə Komitəsi 2017-ci ilin sentyabrında bu hüququ Bakı Olimpiya Stadionuna yox, "Vanda Metropolitano"ya verib. Nəticə isə göz qabağındadır...
BAKU.WS
QALEREYA