VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suad Səlimova gənc və perspektivli idmançı xanımdr. Onun vətəndə və onun hüdudlarından kənarda xeyli uğurları var. Yarışlara qatılan gənc idmançı xanımın döyüşlərdən əldə etdiyi birincilik və ikincilik qalibiyyətindən çoxlu sayda qızıl və gümüş medallardan ibarət mükafatları var. 


BAKU.WS
sizə Suad Səlimova ilə müsahibəni təqdim edir:

- Niyə məhz bu idman növünü seçmisiniz?

- Mən başa düşürdüm ki, hansısa idman növü ilə məşğul olmalıyam ki, özümü güclü hiss edim, müdafiə edə bilim. Ona görə də, 16 yaşımdan idmanla məşğul olmağa başladım. İlk uşu-sanda üzrə müəllimim Ramil Allahverdiyev olub. Daha sonra kikboskinqlə məşğul olmağa başladım. Uşu-sanda idman növündə sən zərbə də vura bilərsən, yıxa da. Amma Kikboksinq idman növündə yalnız zərbə vurmaq olur. Uşu-sanda idman növü mənə çox kömək olub. Hazırda mən MMA-ya keçmişəm. MMA-da sən hər cür döyüşə bilərsən. Bu döyüşlərdə sənin nəticən yaxşı oduğu zaman, daha peşaəkar yarışlarda iştirak edə bilirsən. Ümumiyyətlə, 15 həvəskar, 6 peşəkar və 1 qaydasız döyüşüm olub.

-Özünüzü necə inkişaf etdirirsiniz?

- Düşünürəm ki, peşəkar idmançı olmaq üçün sən tez-tez xarici ölkələrə getməlisən, orda təlim keçməli və başqa ölkələrin idmançılarını tanımalısan. Mən məşq etmək üçün tez-tez xarici ölkələrdə oluram. Hollandiyada və Taylandda təlim-məşq toplanışında olmuşam. Düşünürəm ki, idmançı peşəkar olmaq üçün tez-tez başqa ölkələrə getməli və orda özünü inkişaf etdirməlidir. Yəni bir yerdə oturmaq olmaz. Çalışıb hər zaman təzə şeylər öyrənməlisən. 

-Hollandiya sizə nə qazandırdı? 

- Hollandiyada 3 ay təlim məşq toplanışında iştirak etmişəm. Mən orda ən məşhur "Mikes Gym" idman zalında məşq edirdim. Mike mənim müəllimim olub. Orda məşqlər tamamilə fərqlidir. Sən birinci özünü müəllimlərə sübut etməlisən ki, onlar sənə dərs keçsin. Mən bunu bacardım və Mike mənə döyüşməyə imkan verdi. Hər həftə sparing olurdu, o da məni necə döyüşdüyümə baxırdı. Orda sparing də tamamilə fərqlidir. Sən döyüş vaxtı rəqibini məhv etməlisən. Döyüşlər çox çətin keçirdi, çünki rəqiblərin Glory turnirinin qalibləri olur. İlk vaxtlar döyüşdən sonra mənim bədənim gömgöy olurdu, gözüm şişirdi. Ancaq bir müddətdən sonra mənim bədənim bu prosesə öyrəşdi. Mən özümü inkişaf etdirdim və Mike mənə sparing verməyə başladı. 

-Cəmiyyətdə sizin bu idman növü ilə məşğul olmağınıza reaksiya necədir? 

- Çox neqativ reaksiyalar görürəm. Sosial şəbəkədə də tənqid edənlər çox olur. Amma heç kimin fikri mənim üçün maraqlı deyil. Əsas ailəm və dostlarımdır. Onlar da məni dəstəkləyir. Hər kəsin öz fikri var və mən onların fikirlərinə hörmətlə yanaşıram. Qızların ağır döyüş sənəti seçməsinə qəribə yanaşanlar var. Deyirlər ki, qız ərə getməlidir, evdə oturmalıdır. Hərənin öz həyatı var və insanların nə düşündüyü mənə maraqlı deyil.  

-Azərbaycanda bu döyüş sənəti necədir? İnkişaf varmı?

- Ölkəmizdə günü-gündən inkişaf gedir. Mən buna görə çox şadam. Bu inkişaf qaydasız döyüşə də aiddir. 

-Sizinlə ailə qurmaq istəyən şəxsdən gözləntiləriniz nədir?

- Ailə quracağım adama qoyacağım ilk şərt o olacaq ki, 10 il ərzində məndən uşaq istəməsin. Düşünürəm ki, ailə quracağım şəxs idmançı olmalıdır ki, məni başa düşə bilsin. döyüşdən sonra mənim üzüm əzilir, gözüm şişir. Həmin vaxt həyat yoldaşım mənə pis davranmalı deyil əksinə məni öpməli, dəstək olmalıdır. Amma mənim kiminlə həyatıma davam edəcəyimi yalnız Allah bilir. O pilot da ola bilər və biz bir-birimizi sevib, başa düşə bilərik.

Müsahibənin tam versiyası videoda: 

Lalə Ramizqızı
BAKU.WS
VİDEO

QALEREYA