SİZİN REKLAM BURADA!
055 213 76 73



Noyabrın 6-da İspaniyanın paytaxtı Madrid şəhərində karate üzrə dünya çempionatı start götürəcək.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun BAKU.WS-ə verdiyi məlumata görə, 140-a yaxın ölkədən karateçilərin qatılacağı yarışda Azərbaycanı 20 idmançı təmsil edəcək. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilər kişi və qadınların komanda kumite yarışında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaqlar. Federasiya prezidenti səfərin xərclərini boynuna götürdüyünə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edib. 

Fərdi yarışlara Firdovsi Fərzəliyev (60 kq) Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib. 5 dəfə dünya çempionu olmuş Rafael Ağayev 6-cı titulunu qazanmaq üçün döyüşlərə çıxacaq.

Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatında qüvvəsini sınayacaq.

Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən, böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandanı müşayiət edəcəklər.

Qeyd edək ki, karate üzrə XXIV dünya çempionatında rekord sayda - 140 ölkədən 1147 idmançı iştirak edəcək. İki ildən bir keçirilən yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Finala çıxan karateçi 80 faiz ölçüdə Olimpiadaya lisenziyanı təmin etmiş sayılacaq.

Azad Əliyev
BAKU.WS