Ötən gecə Azərbaycan klubları UEFA Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayıblar. 


BAKU.WS-in məlumatına görə, "Qəbələ”nin Larnadakı "Apollon”la oyunu daha gərgin keçib. Kiprli azarkeşlər oyunun sonunadək komandamızın üzvlərinə qarşı aqressiv olublar. Hətta rəqib komandanın qapısı arxasındakı tribunada azarkeşlər tərəfindən cırılmış Azərbaycan bayrağı da gözdən yayınmayıb. Matçın son dəqiqələrində hesab rəqib komandanın xeyrinə 1:0 olarkən "Apollon”un qapısına penalti təyin edilməsi yerli azarkeşləri özündən bir az da çıxarıb. "Qəbələ”nin kapitanı penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 


 

Bundan sonra Cavid Hüseynovun azarkeşlərə qarşı etdiyi qeyri-etik jest onları bir qədər də aqressivləşdirib. Meydana yad əşyalar atılmağa başlayıb. Oyunun baş hakimi qarşılaşmanı bir neçə dəqiqə dayandırıb. Sonda çətinliklə olsa da qarşılaşma oynanılıb. 

Bakının "İnter” klubu isə Bilbaoda yerli "Atletik”ə 0:2 hesabı ilə uduzub. 

 

 

 

Azad Əliyev

BAKU.WS