SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakının döyünən ürəyi Fəvvarələr meydanında bir-birindən rəngarəng idman festivalı təşkil olunub. Böyük canfəşanlıqla qarşılanan sözügedən festival nəyinki paytaxt sakinlərin, eləcə də turistlərin marağına səbəb olub.

BAKU.WS xəbər verir ki, festivalda 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri stendlərlə tanış olub, federasiya və idman qurumlarının nailiyyətləri və fəaliyyətlərinin əsas istiqamətləri, gələcək planları haqda məlumatları dinləyiblər.

Sonra müxtəlif viktorinalar təşkil olunub. İdmançıların nümunəvi çıxışları iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Tədbir incəsənət nümayəndələrinin konsert proqramı ilə davam edib.

Nəzərinizə çatdıraq ki, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Fəvvarələr meydanında baş tutan festivalda yaşanan ən maraqlı anları sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS