SİZİN REKLAM BURADA!
055 213 76 73



Rus əsilli Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Yuri Kovalyovun qardaşı qızı Kovalyova Valeria pəşəkarcasına rəqslə məşğuldur.

BAKU.WS-in məlumatına görə, milli qəhrəmanın futbolçu qardaşı Vitali Kovalyovun qızı Bakıda 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində rəqslə məşğul olur. Onun uğurları mütəxəssisləri heyrətə salır.

K.Valeriyanın 12 yaşı var. O, 5 yaşından rəqslə məşğul olur. Onun məşqçisi Məryəm Quliyevadır. Azərbaycanın istedadlı qızı bir neçə dəfə Azərbaycan çempionu olub.

Valeriya bir neçə ildir Buta Palace-ın təşkil etdiyi şoularda iştirak edir.

12 yaşlı qız əmisi Yuri Kovalyovun adı verilmiş 229 nömrəli məktəbdə oxuyur. O, sözügedən məktəbin sevimlisidir.

Qeyd edək ki, Yuri Petroviç Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olub, sonra ailəsi ilə birlikdə Krasnodara, daha sonra isə Bakıya köçüb. O, 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə şücaətlə vuruşub, düşmənlər onun başına 100 min rubl pul qoyublar.

1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

Tuncay
BAKU.WS