VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"İlk hissə üstünlüyümüz şəraitində keçsə də, ikinci hissədə çətin anlar yaşadıq. "Qarabağ" qapımız qarşısında qol vəziyyətləri yaratdı". BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu sözlər "Roma"nın baş məşqçisi Eysebio Di Françeskoya məxsusdu.

Çempionlar Liqasının II turunda "Qarabağ"ın qonağı olan İtaliya nəhəngi minimalhesablı qələbə qazanıb - 2:1.

Oyundan sonra keçirilən mətbuat konfransında Di Françeskonun qələbə şərhi belə olub: "Dünən "Qarabağ"ın güclü komanda olduğunu elə-belə deməmişdim. Bu gün bir daha şahid olduq ki, "Qarabağ" çox güclü rəqibdi. Bizə də çox çətin anlar yaşatdılar".

- Oyunu eyni tempdə aparmadınız...

- Bununla razıyam. Rəqibin qolundan sonra bizdə çatışmazlıqlar yarandı. Nəzərə alın ki, hələ inkişaf mərhələsindəyik, topla rəftarımızı gücləndiririk. Ancaq "Qarabağ"dan güclü idik və əsas odu ki, burdan 3 xalla ayrılırıq.

- İkinci hissədə əsəbləşirdiniz. Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?

- Qonalon yaxşı oyunçudu. Amma o, gənc deyil. Bu gün oyunundan razı qaldım. Uzun ötürmələrə qarşıyam. Amma bəzən belə ötürmələrə də ehtiyac duyulur.

- İlk iki qoldan sonra oyununuz alınmadı. Bu, arxayınlıqdan qaynaqlanırdı?

- Xeyr. Bundan söhbət gedə bilməz. İki qoldan sonra da 5-6 qol vəziyyətimiz oldu. "Qarabağ" da bizə çətinliklər yaratmağa başladı. Bunun səbəbi idi ki, 3-cü topu vura bilmədik.

- Bu gün Defrelin zədələnməsi planınıza təsir etməyəcək?

- Defrelin zədəsi deyəsən ciddidi. Ola bilsin ki, həm o, həm də Perotti qarşıdakı matçda iştirak etməsin. Amma bizim Florenzi kimi oyunçumuz var ki, onları əvəz edə bilər.

- "Qarabağ"da kimi xüsusi fərqləndirərdiniz?

- Bütün futbolçular yaxşı oynadılar. Topla gözəl davranırdılar. Matçdan əvvəl də rəqibin hücum xəttini xüsusi qeyd etmişdim. Əsasən 11 (Mahir Mədətov), 9 (Dino Ndlovu) və 10 (Pedro Enrike) nömrəli oyunçularını bəyəndim.

BAKU.WS