Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb. 

BAKU.WS-in məlumatına görə, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 bürünc medalla tamamlayıb. 

46 kq çəkidə mübarizə aparan Zaur Nuriyev əvvəlcə Belarus, ardınca Ermənistan təmsilçisinə qalib gəlib. Yarımfinalda Türkiyə güləşçisinə uduzan Zaur bürünc medal uğrunda görüşə çıxıb. Latviya idmançısına tam üstünlüklə qalib gələn güləşçimiz Avropa çempionatının bürünc medalına yiyələnib. 

100 kq çəki dərəcəsində yığmamızın üzvü Camal Feyziyev Xorvatiya, Bosniya və Hersoqovina və Rumıniya güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi ilə gərgin keçən görüşü üstün tamamlayıb və Avropa çempionatının qızıl medalını qazanıb.

Yunan-Roma güləşi yarışlarının ilk günündə də Ülvi Qənizadə (69 kq) bürünc medal qazanmışdı. Ümumilikdə 1 qızıl və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü yeri tutub. 

Xatırladaq ki, çempionatda mübarizəni bitirmiş sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc, yeniyetmə qızlar isə 1 gümüş və 1 bürünc medal qazanıb. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb. Bu nəticə ilə sərbəst güləş yığmamız komanda hesabında Gürcüstan, Türkiyə və Rusiyadan sonra 4-cü pillədə qərarlaşıb. 

Yeniyetmə qızların mübarizəsində güləşçilərimizdən Zemfira Ələkbərli (38 kq) gümüş və Aynur Camalova (43 kq) bürünc medala sahib olub. 

46 kq
1/8 final - Aleksandr Peçurenka (BLR) - Zaur Nuriyev 0:5 (təmiz qələbə)
1/4 final - Zaur Nuriyev - Sergey Simonyan (ARM) 5:3
1/2 final - Kerem Kamal (TUR) - Zaur Nuriyev 9:0
Bürünc medal görüşü - Jevgenijs Zalivskis (LAT) - Zaur Nuriyev 0:8

54 kq 
1/8 final - Kənan Cəfərov - Aleksandru Trandafir (ROU) 1:10

63 kq
1/16 final - Ramin Cəfərov - David Yankov (BUL) 6:0
1/8 final - Sadd Diong (FRA) - Ramin Cəfərov 6:6*
1/4 final - Ramin Cəfərov - Aslan Tolov (RUS) 4:6

76 kq
1/8 finla - Nəzərşah Fətullayev - Mehmet Bolat (TUR) 7:3
1/4 final - İslam Opiev (RUS) - Nəzərşah Fətullayev 9:0
Təsəlliverici görüş - Damian Von Euv (SUİ) - Nəzərşah Fətullayev 3*:3

100 kq
1/8 final - Camal Feyziyev - Dominik Sabady (CRO) 9:0
1/4 final - Camal Feyziyev - Adrijan Memic (BİH) 4:1 (təmiz qələbə)
1/2 final - Camal Feyziyev - İstvan Berei Lenard (ROU) 8:0
FİNAL - Camal Feyziyev - Şərəf Əlixanov (RUS) 2:1
 
BAKU.WS