VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Tofiq Heydərov ağır atletika idman növündən birdəfəlik uzaqlaşdığını bəyan edib.
 
BAKU.WS-in məlumatına görə, Tofiq Heydərov bu barədə Facebook səhifəsində yazıb.
 
Həmin qeydi olduğu kimi təqdim edirik. 

"Hamıya məlumdur ki, mən və təsis etdiyim şirkətlər ağır atletika idman növünün inkişaf etdirilməsi məqsədi ilə iyirmi ildən artıqdır ki böyük işlər görür. 
Bu müddət ərzində Allahın köməkliyi ilə böyük uğurlu nəticələr əldə etməyə müvəffəq olmuşuq.

Respublikamızda və bizə yaxın olan on iki dövlətdə 20-dən artıq ağır atletika klublarımız fəaliyyət göstərir. Klublarımızın mindən artıq üzvü müntəzəm olaraq beynəlxalq və respublika yarışlarında bizi layiqincə təmsil edirlər. Zirvə Beynəlxalq idman klublarına demək olar ki, dünyada rəqib ola biləcək klublar yoxdur. İnşa etdiyimiz ağır atletika idman kompleksləri və xidmət və ticarət obyektləri bundan sonra uzun müddət bu idman növünün inkişaf etdirilməsinə xidmət edə biləcəkdir.

Bütün bu görülən işlərin nəticəsi əlbətdə ki, beynəlxalq yarışlarda və xüsusi ilə də yay olimpiya oyunlarında özünü göstərməli idi. Amma təəsüflər olsun ki, neçə illərdi bu əziyyətimiz süni manelərlə boşa çıxarılır. Bu idman oyunlarında Dopinq oyunu bizim vurulmamız üçün gözəl bir vasitə olub. 2010- cu ildə klublarımızın yeniyetmələri Avropa birinciliyində və yeniyetmələrin Olimpiya oyunlarında medallar qazanandan sonra bu oyuna özümüzkülər tərəfindən start verildi. Bu uğurlu çıxışlardan sonra 2011 ci ildə İrəvanda keçirilməli olan yeniyetmələrin dünya birinciliyinden erməniler bizə görə imtina etdi. Həmin il Peruda keçirilən yarışda klubumuzun üzvləri ən azı üç qızıl olmaqla bəş medal qazanmaq imkanında idi. Bu o demək idi ki, yığma komandamız dünya birinciliyini komanda hesabında da udub tarix yazacaqdı. Bəli ilk dopinq oyunu işə düşdü. Bunu Wada və ya başqası etmədi. Ağır atletika və idmanımızın içində olan satqın və xainlər etdi. Hansısa dərmanı bilərəkdən uşaqlarımıza öz meşqçilərimizin əli ilə verdilər və bu yarışdan bizi saxladılar. Və bu oyunlar bu günə qədər dəyişik üsullarla davam edir.

4 il əvvəl artıq yaşlılar arasında dünya çempionatından sonra, 2016-cı ildə isə Rio Olimpiya oyunları öncəsi uğurlar qazanmaq imkanı olan zamanda klubumuzun üzvləri yenidən bu oyunların qurbanı oldular. Bu oyunlara görə Klubumuzda bu idman növünün bağlanmasına iki dəfə qerar verilib. Son dəfə federasiyamızın Prezidenti tərəfinden bütün səlahiyyətlər bizim klub rəhbərliyinə həvalə edildi ki bunların qarşısı alınsın. Bir ildir ki, dopinqlə mübarizə aparmaq üçün nə oyunlara əl atmadıq ki qarşısını alaq. Xeyri olmadı, öz içimizden olan xain, satqınlar atletlərimizə öz kərtənkələlərimizden aldığı zəhəri öz balalarımıza verib bizi yenə rüsvay etdiler.

İslam oyunlarında Anastasiya ve Hafiz müəllimin kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə həm də IWF prezidenti başda olmaqla bütün rəhbərlərə söz vermişdim ki, bir daha komandamızda bir dopinq məsələsi olsa mən bu işin içinde olmayacağam. Sapı özümüzden olan baltalar bizi vurmağı bacardı.

Allah böyükdür. Hər işdə bir xeyir var. Vaxt olacaq bəlkə də və idmandan uzaqlaşmağıma görə bu insanlara böyük hörmətim olacaq."