VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İtaliya oyunundan sonra mətbuat konfransı təşkil olunub.
 
BAKU.WS-in məlumatına görə, hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini söyləyib. Azərbaycan millisinin baş məqşçisi Robert Prosineçki komandamızı gözəl oyuna görə təbrik edib:
 
"Futbolçular əllərindən gələni etdilər. Sözsüz ki, rəqib qollarını bizim səhvlərimizdən istifadə edib vurdu. Amma mən komandamdan razı qaldım. Yaxşı oynadıq. Komandamı gözəl oyuna, İtaliya millisini isə qələbəyə görə təbrik edirəm. Onlar əbəs yerə qrupumuzun lideri deyil. Birinci hissədə 2 səhvə yol verdik, rəqib bundan istifadə etdi. İkinci qol daha pis səhv idi. Ondan sonra oyunda dönüş etmək çətin oldu. Fasilədə dedim ki, ruhdan düşməyin. İkinci hissədə də mübarizəni davam etdirməliyik. Amma İtaliya kimi milliyə qarşı oynamaq çətindir. Mübarizə aparmaq lazım idi və mənə elə gəlir ki, 90 dəqiqə ərzində komandam bunu bacardı".
 
İtaliya millisinin baş məşqçisi Antonio Konte isə bu matçla Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdiklərini vurğulayıb. O üzünü öz futbolçularına tutub bildirib ki, gərək başa düşsünlər ki, bundan sonra da işləmək lazımdır:
 
"İnsanda həmişə ambisiya olmalıdır və bunun hesabına irəli gedilməli, müəyyən məsafə qət edilməlidir. Ümid edirəm ki, final mərhələsində də hər şey yaxşı olacaq. Azərbaycan millisi ilə görüş asan oyun deyildi, bunu hamı bilir. Amma biz öz oyunumuzla bu görüşü özümüz üçün asanlaşdırdıq. O mənada ki, düzgün strategiya qurduq, hücumlar həyata keçirdik. Xoşuma o gəlmədi ki, qol buraxdıq. Oyunu qol buraxmadan tamamlasaydıq, daha yaxşı olardı. Amma komandamızda ruh düşkünlüyü olmadı. Hesab bərabərləşdikdən sonra yenidən irəli atıldıq və daha 2 qol vurmağı bacardıq".
 
ŞAHİN Həbibov
BAKU.WS