SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bu il 2017 Formula 1 Azərbaycan Qran prisi yarışlarının tamaşaçılarını bol sürprizlər gözləyir".

Bu barədə Milli.Az-a açıqlamasında ​Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.Onun sözlərinə görə, bu il Formula 1 yarışları ilə əlaqədar ötən ilkinə nisbətən təşkil edilən əyləncələrdə çoxlu fərqlər olacaq: "Düzdür, trasın konfiqurasiyası dəyişməz qalacaq, lakin tras boyu təşkil edilən əyləncələr bir qədər fərqli olacaq.Çünki keçən il biz gördük ki, nələr insanları daha çox cəlb edir və daha çox nələrlə əylənmək istəyirlər. Bu marağı nəzərə alaraq həmin əyləncələri bu il artıracağıq.Məsələn, uşaqlar üçün əyləncə zonaları çox olacaq. Bundan əlavə xüsusi çadırlar qurulacaq. Burada Azərbaycan mədəniyyəti təbliğ ediləcək, ölkəmizin mədəniyyət nümunələri təqdim olunacaq.Xarici və ya yerli olmasından asılı olmayaraq, bütün bilet alan insanlar üçün yanaşma eyni olacaq. Həmin zonalara bilet alan insanlar daxil ola biləcəklər. Lakin burada fərq sadəcə 1, 3 və ya 4 günlük bilet alanlar arasında qoyulacaq".Ən əsası, N.Arparadai əlavə edib ki, Bakıda dünya ulduzlarının iştirakı ilə konsertlər olacaq: "Konsertlər olacaq. Hələlik onların kimliyini açıqlamırıq, amma dünya ulduzları olacaq. Bununla bağlı yaxın zamanlarda ümumi məlumat paylaşılacaq. Ümumiyyətlə, çox şeylər olacaq.İndiki mərhələdə bu barədə danışmaq hələ tezdir. Lakin yarış zamanı biletli tamaşaçılar gələndə onlara xüsusi broşurlar paylanacaq. Broşurlarda həm yarışdan kənar bütün əyləncələrin cədvəli, həm hansısa müsabiqələr olacaqsa, bu barədə məlumatlar yer alacaq. Bundan əlavə, yenə də fanatlara Formula 1 pilotları ilə fotosessiya etmək, eləcə də onlardan avtoqraf almaq imkanı yaradılacaq. Əminik ki, bu il Formula 1 həvəskarları, fanatları, ümumilikdə əyləncə axtaran insanlar üçün maraqlı bir proqram olacaq".Qeyd edək ki, bu il Bakıdakı Formula 1 yarışlarına ötən ilkindən qat-qat çox bilet satılıb. İndiki mərhələdə ümumilikdə artıq 47 ölkədən biletlər alınıb.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran prisi iyun ayının 23-dən 25-dək Bakıda keçiriləcək.
 
BAKU.WS