VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli komandamızın qolkiperi Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

BAKU.WS qol.az-a istinadən K.Ağayevin açıqlamalarını təqdim edir. 

- Oyunun ən yaxşısı kimi idi? Qol vuran Maksim Medvedyev, yoxsa sən?

- Mən nə etdim ki? Top buraxmadım. Düzdür, bu, uğurdur. Bunu hər zaman demişəm ki, top buraxdıqda uğur sayılmır. Uğur odur ki, qələbə qazanasan. Futbol kollektiv idman növüdür. Tək idman növü deyil ki, hər şeyi öz üzərimə götürüm. Hesab edirəm ki, oyun bir az ağır oldu. Nəticə əldə etməkdən ötrü oyun bizi müdafiədə oynamağa məcbur etdi. Düşünürəm ki, bizə yaxşı oynamaqdansa, nəticə lazımdır. İnanıram ki, yaxın gələcəkdə həm oyunumuzu düzəldərik, həm də nəticə əldə edərik.
 
- Oyun zamanı əlcəyini dəyişdin.

- Əlcəyimə heç nə olmayıb. Sadəcə, yaş olduğuna görə əlcək palçıq oldu. Palçığı təmizləmək istəyəndə içi qopdu və mən onu dəyişmək məcburiyyətində qaldım.
 
- Demək olar ki, əsas iş sənə düşürdü?

- İş, ümumiyyətlə, 11 nəfərə düşür və hər kəs öz payını götürməlidir. Vuruşmaq lazımdır və biz də vuruşduq. Əlbəttə, belə oyunlarda qapıçıya iş düşür. Nəsə əldə eləməkdən ötrü gərək meydanda öz işini görəsən.

 - Stadionun ot örtüyündən razı qaldın?

- Çox yumşaq idi. Yəni hər epizodda ayağımız sürüşürdü. Meydanın ot örtüyü bir az səməni kimi idi. Dünən biz burada məşq etmədik, buradan çıxardılar ki, daha da pis olmasın. Çox da bərbad deyildi.
 
- Topu oyuna daxil edərkən, bir az ləng hərəkət edirdin...

- Bəzən elə hallar olur ki, oyun səni o cür oynamağa məcbur edir. Təbii ki, məşqçi oyunu, taktikanı maket üzərindən göstərir, amma matçda fantaziya sənin öz üzərinə düşür. Oyun qaydalarından, məşqçinin göstərişlərindən çıxmamaq şərti ilə öz oyun fantaziyanı göstərə bilərsən. Qarşılaşmanın çətinliyi elə oynamağa məcbur edirdi. Bundan əlavə, meydança amili də təsir göstərirdi. Bəzi vəziyyətlərdə mən topu qırağa vururdum, yəni top ayağımdan qaçırdı.
 
- Tofiq Bəhrəmov adına Respublika stadionunda rahat idi, yoxsa burada?

- Bu futboldur, harada oynayırsan oyna. Əsas odur ki, xalqının qarşısında oynayırsan, onlar da bizə dəstəkdir.
 
- Rövnəq Abdullayev mükafatın məbləğini açıqladı, yoxsa dedi ki, Çexiyadan qayıdın, iki oyunu bir yerdə söhbət edərik?

- Mən orada deyildim, düzünü deyə bilmərəm.
 
- Bu gün millidə qalib gəldin, amma klubun "Boavişta" Portuqaliya kubokunda məğlub oldu. Bu haqda nə deyə bilərsən?

- Klubum haqqında danışmaq istəmirəm. Hazırda millinin heyətindəyəm. Portuqaliyaya sağ-salamat qayıtsam, klub haqqında danışarıq. Bugünkü oyuna köklənmişdik.
 
- Sizi Çexiya ilə çətin səfər oyunu gözləyir. Bu haqda nə deyə bilərsən?

- Çexiyaya sağ-salamat gedib çataq. Kimin necə oynayacağını bilmirik. Əlbəttə, oyun çətin olacaq. Yenə də nəticə əldə etmək üçün vuruşmaq lazımdır. Ən əsas meydançaya çıxan futbolçu özünə arxayın olmamalı, özünə güvənməlidir. İnanıram ki, yaxşı nəticə əldə edəcəyik.
 
BAKU.WS