SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 20-də Qətərdə futbol üzrə 22-ci dünya çempionatına start veriləcək. Mundialın final görüşü dekabrın 18-də keçiriləcək. 29 gün ərzində 32 komanda dünya çempionu olmaq uğrunda mübarizə aparacaq.

Çempionata saatlar qala həyəcan daha da artır.

Bəs görəsən, azərbaycanlı məşhurlar mundialda hansı komandalara azarkeşlik edəcəklər?

BAKU.WS xəbər verir ki, oxu.az-ın əməkdaşı onlardan bir neçəsinin fikrini soruşub.

Milli Məclisin deputatı Aqil Abbas Braziliyaya azarkeşlik edəcəyini vurğulayıb:

“Özümü dərk edəndən Braziliyaya azarkeşlik etmişəm. Yenə də Braziliyaya azarkeşlik edəcəyəm. Düzdür, almanlar daha öndədirlər.

Ümumiyyətlə, Qətərdə çempionat keçirmək ən axmaq bir şeydir. Qətərdə istidən çölə çıxmaq olmur. Futbolçuları məhv etmək istəyirlər? Çempionatdan elə bir şey gözləmirəm. Necə Cənubi Afrika Respublikasında keçirdilər, maraqlı olmadı, Qətərdə də maraqlı olacağına inanmıram. Lakin hər halda futboldur. Yəqin ki, bütün oyunlara baxacağam. Çempionun Braziliyanın olmasını istərdim”.

A.Abbas qeyd edib ki, Azərbaycanın da mundialda iştirak etməsini istərdi:

“Bəxtimiz gətirmədi, çempionata düşə bilmədik. Növbəti dəfə iştirak edər. Türkiyənin də iştirak etmədiyinə görə təəssüflənirəm. Bununla yanaşı, İtaliya kimi ölkə də kənarda qalıb”.

Hüquqşünas Sidqi Şövkət İngiltərə komandasına azarkeşlik edəcəyini deyib:

“Futbol azarkeşi deyiləm. Amma məhz bu çempionatda İngiltərə millisinə azarkeşlik edəcəyəm. Qardaş Türkiyə iştirak etsəydi, daha yaxşı olardı. Hər halda finala mütləq baxacağam”.

“Yeni Sabah” MMC-nin baş redaktoru Seymur Verdizadə qeyd edib ki, ədalətli turnir olsun və ən güclü komanda çempion olsun:

“Qatı futbol azarkeşi deyiləm. Amma Avropa və dünya çempionatlarını izləyirəm. Ən böyük arzum odur ki, nə vaxtsa Azərbaycan da bu cür mötəbər turnirlərdə iştirak etsin. Hələ ki bu mümkün deyil”.

S.Verdizadə Fransa yığmasının qalib olmasını istəmədiyini əlavə edib:

“20 ildən çoxdur Türkiyə yığma komandasına azarkeşlik edirəm. Təəssüf ki, bu dəfə Türkiyə turnirdən kənarda qaldı. Odur ki, xüsusi azarkeşlik etdiyim komanda yoxdur. İstərdim ki, ədalətli turnir olsun və ən güclü komanda çempion olsun. Amma həmin komandanın Fransa olmağını istəmirəm”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova çempionatla bağlı heç bir fikrinin olmadığını qeyd edib:

“Bu mövzu ətrafında heç bir fikrim yoxdur. Çünki bu günə qədər oyunları izləməmişəm. Komandaların kimliyi barədə məlumatsızam. Səhv fikir bildirmək istəmirəm”.

Aktyor Əjdər Zeynalov ümumiyyətlə futbol azarkeşi olmadığını bildirib:

“Futbol azarkeşi deyiləm. Amma oyunları bəzən izləyirəm. Ancaq öz komandalarımızın oyunlarını izləyirəm. Son dövrlər üzümüzü ağ edirlər, ona görə baxıram. “Futbol xəstəsi” deyiləm”.

Deputat Məlahət İbrahimqızı yalnız Azərbaycan və Türkiyənin iştirak etdiyi oyunları izləyir:

“Ümumi oyunlarla maraqlanmıram. Dünya üzrə futbol çempionatı keçirilir. Hansı komandalar arasında olduğundan xəbərsizəm. Türkiyə və Azərbaycan oynasa, izləyərəm. Futbola əsasən kişilər baxırlar. Mənim maraq dairəm Azərbaycan, Türkiyədir. “Qarabağ” oynayanda da sevə-sevə izləyirəm. Başqa komandalar oynayanda izləmirəm. Bu komandalara da siyasi nöqteyi-nəzərindən baxıram. İnsanların indi daha önəmli şeylər diqqətini çəkir”.

Yazıçı Varis Yolçuyev isə qatı futbol azarkeşi olduğunu söyləyib:

“Azərbaycan heç vaxt dünya çempionatında olmur. Yaxın perspektivdə də yoxdur. Azərbaycan olmayanda Türkiyəyə azarkeşlik edirik. Türkiyə də iştirak etmir, lakin yaxınlaşıb. Çempionatın gedişində hansı komandadan xoşum gəlirsə, onun azarkeşi oluram.

Vaxtı ilə Polşaya, Argentinaya, Niderlanda, İtaliyaya azarkeşlik etmişəm. Onları çox sevirəm. Bizə uyğunluqları var. Mən futbol azarkeşiyəm. Bir oyunu belə buraxmayacağam. Lakin hələ favoritim yoxdur. Kimə azarkeşlik edəcəyimi bilmirəm”.

Dramaturq, filosof Firuz Mustafa isə futbolla ümumiyyətlə maraqlanmadığını deyib.

“Qanun” Nəşriyyat Evinin sahibi Şahbaz Xuduoğlu yalnız “Qarabağ” klubunun oyununu izlədiyini deyib:

“Mənə görə, dünyada ən maraqsız oyun futbol oyunudur. İndiki vaxtda hər kəs futbola görə dəli olub. Lakin mən izləmirəm. Yalnız “Qarabağ” komandasının oyununu izləyirəm. “Qarabağ” komandasını adına görə sevirəm. Başqa heç bir komandanı izləmirəm. Mənim üçün futbol yox səviyyəsindədir”.

BAKU.WS