VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda davam edən Dünya Kubokunda bu gün stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Türkiyə atıcıları bürünc medal uğrunda mübarizədə qalib gəliblər. Digər bürünc medalı isə Qazaxıstan komandası götürüb.

Stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında qızıl medalı avstraliyalılar qazanıb. Gümüş medal Portuqaliya komandasına çatıb.

“Bu turnirə gələnə kimi millimiz Qəbələdə 20 günlük çox yaxşı hazırlıq keçib. Bu hazırlığa şərait yaratdığına və qələbəmizdə rolu olduğuna görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. Medal qazanacağımıza nəinki ümid edirdik, bunu özümüzə hədəf seçmişdik. Güclü komandamız var və buna görə də Asiyada ilk “5-lik”də yer almışıq. Bakıda keçirilən bu yarış son 5 ildəki ən yaxşı Dünya Kuboklarından biridir. Təşkilatçılıq, qonaqlara olan münasibət, yaradılan şərait – hər şey yüksək səviyyədədir” – bunu Qazaxıstan Atıcılıq Federasiyasının baş katibi Oleq Poçivavalov bildirib.

Türkiyəli oyunçular azərbaycanlı azarkeşlərin onların qələbəsinə sevincindən çox duyğulandıqlarını bildiriblər.

Tolqa Tünçər: “Bu gün yarışa yaxşı başlamadıq. Finala vəsiqə qazanmaq üçün 1 xalımız çatmadı. Nəsib belə imiş. Əlimizdən gələni etdik. Bürünc medal qazanmaq qismətimiz idi. Azərbaycanda keçirilən belə möhtəşəm turnirdə üçüncü olmaq da sevindiricidir. Bu mərkəzin yaranmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən möhtəşəm məkandır. İnşallah, növbəti yarışlarda daha yaxşı nəticələr əldə edərik”.

Pelin Rümeysa Qaya: “Çox sevincliyik. Mükafatlandırma mərasimi əla idi. Gözləmədiyimi bir şey deyildi. Amma bu qədər olacağını düşünmürdük. Həm əcnəbilər, həm azərbaycanlılar bizə xüsusi dəstək oldular. Hamının bizə azarkeşlik etməsi çox xoşuma gəldi. Həmişə deyildiyi kimi, biz iki dövlət, tək millətik. Hamıya çox təşəkkür edirəm. Azərbaycanlıları çox sevirəm. Burada yaşananlar, bürünc medal qazanmağım məni çox xoşbəxt etdi”.

Məşqçi Əmrə Günay: “Burada medal qazandığımız üçün çox xoşbəxtik. Öz ölkəmizdə mükafatçılar sırasına düşə bildik. Biz buranı özümüzünkü kimi hiss edirik. Hamımız bir yerdə sevindik. İnşallah, gələcəkdə daha böyük yarışlarda yaxşı nəticələr əldə edəcəyik. Azərbaycanda öz evimizdəki kimi rahat mübarizə apardıq. Bu il iştirak etdiyimiz üçüncü dünya kubokudur. Bakı təşkilatçılıq baxımından hamısını üstələyib - deyə bilərəm. Mükafatlandırma mərasimi möhtəşəm idi. Özümüzü konsertdəki kimi hiss edirdik. Hansısa çatışmazlıq yoxdur. Azərbaycan dünya çempionatına ev sahibliyi etməyə layiqdir. İnşallah, daha yaxşı turnirlər burada keçirilər”.

Yarışlar sabah davam edəcək.

BAKU.WS
QALEREYA