SİZİN REKLAM BURADA!
055 213 76 73


"Cütün taleyinin həll olunduğunu demək yalan olar. Bu, hələ ilk oyunun nəticəsidir. Rəqib hər oyuna çempionluq uğrunda çıxdığı halda, biz yalnız yoxlama oyunlarına çıxmışdıq. Yoxlama və rəsmi matçların fərqini gördünüz".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Gürcüstan paytaxtında "Dinamo"ya 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, xarakter hesabına qələbə qazanıblar: "Futbolçularıma təşəkkür edirəm ki, sonadək dözdülər. Amma ikinci oyunumuz var. Cavab görüşünə ciddi hazırlaşmalıyıq. Doğrudan da ciddi rəqibə tuş gəlmişik. Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalıyıq. Kişiliyimizi, xarakterimizi ortaya qoyduq".

Abasovun fikrincə, yeni futbolçular hələ adaptasiya keçməyiblər. O, cavab görüşündə hər şeyin yaxşı olacağına inam ifadə edib: "Bakıda çox şeyi dəyişməliyik. Bugünkü qarşılaşma cavab oyununda keçərli olmayacaq. Belə çıxış etməli deyilik. Bugünkü oyunu gərginliklə əlaqələndirmək olar. Çox şeyi dəyişməliyik. Topa daha çox nəzarət etməliyik".

Baş məşqçi Sezar Meza Kollidən razılığını bildirib: "Onun nə dərəcədə keyfiyyətli futbolçu olduğunu siz daha yaxşı bilirsiniz. İnanıram ki, tezliklə istənilən oyunu sərgiləyəcək".

İlk yarıdan sonra bəzi futbolçulara daha diqqətli oynamalarını tapşırdığını deyən Abasov onların rəqibə qol imkanı verməmələrini istədiyini söyləyib: "Bəzən müdafiədə yox, daha irəlidə oynayan futbolçularda xaos var idi, boş yerləri düz bağlamırdılar. Bəzi mövqelərimizdə, xüsusən müdafiədə rəqabətsizlik mövcuddur. Voislav Stankoviç zədələnəndə ayağını, biz isə başımızı tutduq. Amma Namik Ələskərovun performansı bizi sevindirir. Hər qol vurduqca özünə inamı artır. Bütün komanda üzərinə düşənin öhdəsindən gəlməyə çalışır. Amma yenə deyirəm, biz çox şeyi dəyişməli, güclənməliyik. Amma bunlar bu günün işi deyil".

Baş məşqçinin sözlərinə görə, "Dinamo"nun futbolçularının nəyə qadir olmalarından xəbərdar imişlər: "Rəqib irəli daha güclü açıldıqda biz sürətli əks-hücumlar hesabına qollar vura bilərdik. Bunlar transferlərin azlığı ilə əlaqədardır. Mən sizə hansı oyunçularla adbaad danışdığımızı deyə bilərəm. Amma onlarla danışıqlar müsbət nəticələnmədi. Gəlin, bu barədə burada danışmayaq, Vətənimizdə söhbət edərik".

Abasov ötən gün mətbuat konfransında gərgin görünməsi fikri ilə razılaşmadığını bildirib: "Dünən də mənə kimsə bunu demişdi. Bu oyundan sonra çox şeyləri dəyişməliyik. Siz məndə gərginlik görmüsünüzsə, elə düşünün ki, bugünkü qələbədən sonra gərginliyim ikiqat artıb. Çempion heyət də qalsaydı, eyni əziyyəti çəkəcəkdik. Doğrudan da rəqib təqdirəlayiqdir".

BAKU.WS