SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda avtomobillərin addan ada keçirilməsi (özgəninkiləşdirilməsi) ilə bağlı rüsumlar dəyişə bilər.

BAKU.WS xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, Milli Məclisin komitəsində müzakirə edilən layihə əldə olmadığından tam dəqiq şərh vermək bir az çətindir. Amma yayılan məlumatdan aydın olur ki, 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur:

"Birinci dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi (addan ada keçirilməsi) zamanı tutulan, mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halına aid edilməyəcək.

Məlumdur ki, addan ada keçirilmə zamanı aşağıdakı rüsumlar tutulur:

- qeydiyyat şəhadətnaməsinin rüsumu (25 manat);

- nömrənin rüsumu - 22 manat (bəzi nömrələrin hərracdan satılması tətbiq edildikdən sonar 35 manat olacaq);

- texniki baxışın rüsumu (əgər texniki baxış keçirilməlidirsə) – 30 manat;

- qeydiyyat rüsumu – yük avtomobilləri, avtobuslar üçün, habelə minik avtomobili hüquqi şəxs tərəfindən özgəninkiləşdiriləndə 10 manat, minik avtomobili fiziki şəxslər tərəfindən özgəninkiləşdiriləndə isə mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan məbləğ (bu, təxminən 10-1500 manat arasında ola bilər).

Təklif olunan dəyişiklik layihəsi qəbul edilsə, sonuncu göstərilən rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halında cəmi 10 manat olacaq (yəni minik avtomobilinin mühərrikinin iş həcmindən və istehsal ilindən asılı olmayacaq).

Dəyişdirilən ikinci məsələ ondan ibarətdir ki, avtomobillərinin fiziki şəxslər tərəfindən özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmi ləğv ediləcək. Qüvvədə olan qanuna əsasən, bu rüsumu Nazirlər Kabineti hər il üçün ayrıca müəyyən etməlidir. Hazırda NK-nın bu barədə 31 iyul 2018-ci il, № 336 Qərarı var. Onsuz da bu qərar 2020-ci il üçün yenilənmədi. Dəyişiklik qüvvəyə minsə, yəqin ki, elə bu qərar uzunmüddətli olacaq.

Daha bir düzəliş “özgəninkiləşdirmə” ifadəsinin nəyi ehtiva etməsinin dəqiqləşdirilməsi olacaq. Bu ifadənin təcrübədə birmənalı tətbiqi üçün buna da ehtiyac var.

Beləliklə, yayılan məlumatda rüsumların artması barədə heç nə deyilmir, hətta əksinə, yaxın qohuma bağışlamada rüsum əhəmiyyətli dərəcədə azalacaq. Hər bir halda gözləyək, görək, həmin layihə nə vaxt rəsmi dərc olunacaq. Onda hər şey daha aydın olacaq".

BAKU.WS