Bu ilin yanvar ayında əhalinin sayı 7,9 min nəfər və ya 0,1 faiz artaraq fevral ayının 1-i vəziyyətinə 9713,5 min nəfərə çatıb.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub. Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 nəfər qadın düşür.

Cari ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,7 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 15,7 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

2016-cı ilin yanvar ayında ölkədə 5,0 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,1-yə qədər azalıb.

Bu ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4,5 min nikah və 1,0 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,2 olub.

BAKU.WS