SİZİN REKLAM BURADA!
055 213 76 73


Alov Qüllələrində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” fikri əks olunub.

BAKU.WS xəbər verir ki, bina üzərində həmçinin Prezidentin “Azərbaycan həkimlərinə eşq olsun!” və “Evdə qal Azərbaycan!” sloqanları da nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, bu gün Prezident İlham Əliyev Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında çıxışı zamanı Azərbaycan xalqının birlikdə daha güclü olmasına bir daha toxunub:

“Azərbaycanın iş adamları və Azərbaycan cəmiyyəti bu vəziyyətdə özünü çox ləyaqətlə aparır. Bilirsiniz ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ianə verilmişdir. Fondun fəaliyyətə başlamasından 10 gün keçməyib, dünən axşam mənə verilən məlumata görə, artıq bu fondda 90 milyon manat yığılmışdır. Bunun mütləq əksəriyyəti şirkətlər tərəfindən verilən ianələrdir. Buna görə mən Azərbaycanın biznes nümayəndələrinə təşəkkürümü bildirirəm. Onlar əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişlər. Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona "Çox sağ ol!" deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. "Biz birlikdə güclüyük!" şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk”.

Prezident həmçinin insanları bir daha evdə qalmağa çağırıb və qaydaları pozanlara qarşı tədbirlər görüləcəyini bildirib:

“Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək”.

BAKU.WS
VİDEO