SİZİN REKLAM BURADA!
055 213 76 73


Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, Çində ötən ilin sonunda aşkarlanmış Koronavirus epidemiyasına qarşı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür.

Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada da müntəzəm sanitariya-epidemioloji tədbirlər aparılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsindən BAKU.WS-ə məlumat verilib.

Qeyd edilir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti Tədbirlər Proqramı hazırlayıb. Tədbirlər Proqramına əsasən, dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası təmin edilir.

Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda lazımi tədbirlər həyata keçirilir. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimdə çalışır.

Sərnişin qatarlarında xidmət göstərən briqadalar arasında təlimatlar aparılır. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər.

Sərnişinlər və dəmiryolçular, yoluxucu xəstəliklərin profilaktikasında zəruri şəxsi gigiyena qaydaları barədə məlumatlandırılırlar.

Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib. Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq.

Onu da əlavə edək ki, dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə ümumi gigiyena qaydaları barədə sərnişinlərin məlumatlandırılmasına başlanılır.

BAKU.WS
QALEREYA