VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada alimlərin apardıqları araşdırmalar onu göstərir ki, qablaşdırılmış sular krant suyundan qat-qat zərərlidir.

BAKU.WS xəbər verir ki, buna səbəb kimi qablaşdırılmış suların tərkibindəki zərərli bakteriyalar, eyni zamanda suyun tərkibindəki vacib inqrediyentlərin olmaması əsas göstərilir.

Ölkəmizdə qablaşdırılmış sularla bağlı bir çox şirkətin fəaliyyət göstərməsini və əhalinin bu sulardan istifadə etməsini nəzərə alaraq ekspertlərə müraciət etdik və durumun nə dərəcədə təhlükəli olub-olmamasını aydınlaşdırmağa çalışdıq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BAKU.WS-ə bildirib ki, qablaşdırılmış su sahəsində kifayət qədər problemlər mövcuddur: “Su təbiətin və yaxud tanrının möcüzəsidir. Mən Marseldə 4 il bundan öncə 25 min insanın iştirak etdiyi Dünya Su Konqresində iştirak etmişdim.

Həmin andan etibarən suyun ilahiliyini dərk etmişəm və o vaxtdan etibarən avtomobilimi ənənəvi yerdə su ilə yuduzdurmuram. Bu gün də qarşıma məqsəd qoymuşam ki, ölkədəki avtomobil “moyka”larının kökünü kəsim. Çünki sudan bu cür istifadə etmək heç də doğru deyil.

Qablaşdırılmış suya gəlincə, burada problemlər yaşanır. İstehlakçılar illərdir, bu mövzuda bizə zənglər edirlər. Suyu alırlar, lakin dadı və iyi fərqli olur. Konkret 1,5 il bundan qabaq istehlakçılar şirkətlərin birinə məxsus qoxu vermiş qablaşdırılmış suyu gətirmişdilər. Apardığımız tədqiqatdan sonra üzə çıxardıq ki, bunu haradasa qablaşdırıblar”.

Eyyub Hüseynov qablaşdırılmış suların baha qiymətindən və plastik qabların istifadəsindən gileylənib:

“Su – az mallardan biridir ki, ölkənin əmtəə bazarında litri 0.40 qəpiyə də, 8 AZN-ə də var. Əgər söhbət H2O-dan gedirsə, niyə qiymət bu qədər fərqlidir? Yeganə maldır ki, qiymətində bu qədər fərq var. Əlbəttə, şüşə qablardan istifadə qiyməti 10 qəpik fərqli edir. Lakin bu bahalıq qablaşdırmadan qaynaqlanmır. Hər bir brend suyun Azərbaycanda saxta variantı var. Yeganə maldır ki, rəngi, dadı və qoxusu olmasa da, su filtirçiləri bu istiqamətdə iş aparırlar.

Dünya Su Konqresində də bu fikir bildirilmişdi ki, tibb elmi hələ hansı orqanizmə hansı suyun lazım olduğunu aydınlaşdırmayıb. Çünki orqanizmimizin 85 faizi sudan ibarətdir. Belə çıxır ki, xəstəliklərimizin də 85 faizini suda axtarmaq lazımdır. Bir ailənin üzərinə hər hansı su 3 nəfərə xeyirli olduğu halda, digər ikisinə bu ziyanlı da ola bilər.

Hansı orqanizm, hansı gen hansı suya uyğundur, elmdə bu, araşdırılmayıb. Ona görə məsləhət budur ki, suyu daim dəyişik içməliyik. Bəzən krant, bəzən bulaq və bəzən də alınma su içmək lazımdır.

Plastik qablaşdırmaya gəlincə, bir çox ölkələr, o cümlədən geridə qalmış Nepal da bundan imtina edib. Lakin Azərbaycanda biz hələ də plastik qablaşdırmada su görürük. Fikrimcə, bundan imtina olunmalı, ya karton, ya da şüşə qablaşdırmaya keçmək lazımdır. Plastik qabda alınan sudan istifadə etdikdən sonra isə plastik qabı deşmək və ya əzmək lazımdır ki, ondan təkrar istifadə etməsinlər.

Çünki plastik qabdan təkrar istifadə zamanı mikro orqanizmlər yarana bilər. Qablar yenidən qaytarıldıqdan sonra onların yuyulma prosesi və sterilizasiyası bizə məlum deyil. Bundan əlavə kimsə ağzını su qabına yaxınlaşdırıb oradan su içə bilər. Artıq onun ağız boşluğundakı mikroblar qaba keçə və inkişaf edə bilər.

Bu, dünyada bağlı qalmış və analiz olunmamış çox ciddi məsələdir. Suyun parametrlərini bilmək üçün 300 parametr araşdırılmalıdır. Üstəlik bilinmir ki, hansı parametr hansı orqanizmə necə təsir edir”.

Su ilə bağlı ekspert Rafiq Verdiyev də BAKU.WS-ə qeyd edib ki, qablaşdırılmış su normal mənbədən götürülübsə, digər sulardan yaxşıdırsa, ondan istifadə məqbuldur:

“Əgər doğurdan da, qablaşdırılmış sular təbii mənbələrdən götürülübsə, bu, insan orqanizmi üçün faydalı ola bilər. Adətən qabların üzərinə Gədəbəy, dağlıq ərazilər, Quba, Xaçmaz və digər rayonların adları qeyd olunur.

“Azərsu” ASC əhaliyə 1 kub suyu 1 AZN-ə təklif edirsə, qablaşdırılmış suyun 20 litri 3 AZN olur. Görünən budur ki, qablaşdırılmış suyu biz 10 dəfədən də baha alırıq. Buraya, təbii ki, nəqliyyat, daşınma və qablaşdırılma daxildir. Lakin qiymətlər bahadır.

Su nə qədər az saxlanılarsa, keyfiyyətin pozulması halları bir o qədər az baş verər. İstənilən suyun nəqlində harada və hansı şəraitdə saxlanılması şərtdir. Suyun qablaşdırılması zamanı müəyyən normalar var ki, buna əməl edilməlidir. Hər bir suda müəyyən inqrediyentlər var.

Duzluluq, minerallıq, yodluluq və başqa elementlərə görə sular fərqlidir. Mənbədən mənbəyə görə suların keyfiyyəti və tərkibi dəyişir. Bu səbəbdən araşdırdıqdan sonra insanlar öz səhhətlərinə və sağlamlığına təsir edəcək suyun tərkibinə görə bunlardan istifadə etməlidir.

Qablaşdırılmış su normal mənbədən götürülübsə, digər sulardan yaxşıdırsa, ondan istifadə məqbuldur. Yaxşı olar ki, qablaşdırılmış sular həm keyfiyyət göstəricilərinə cavab versin, həm də qiyməti münasib olsun. Qablaşdırılma zamanı isə plastikdən istifadə keyfiyyətə təsir edə bilər, buna görə şüşə qablardan istifadə daha məqsədəuyğundur”.

Orxan Hüseyn
BAKU.WS