SİZİN REKLAM BURADA!
055 213 76 73


Son illər Azərbaycan əhalisinin sayında artım müşahidə olunur. 2010-cu ildə 9 milyonuncu, 2019-cu ildə isə 10 milyonuncu vətəndaş dünyaya gəlib.

BAKU.WS xəbər verir ki, ölkə əhalisinin sayı ötən il 78 737 nəfər və ya 0,8 faiz artıb. Beləliklə, 2019-cu il dekabr ayının 1-nə olan son göstərici 10 060 194 nəfərdir.

Lakin, buna baxmayaraq demoqrafik artım tempi ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Doğrudur ki, əhalinin təbii artımında davamlı artım müşahidə edilir. Amma faiz nisbətində isə son illərdə azalma başlayıb.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə diqqət yetirək. Azərbaycanda 1950-196-cü illər aralığında təbii artım yüksələn qrafiklə davam edib. Hətta bu 14 il ərzində artım 2 dəfəyə qədər artıb.

1991-ci ilə qədər müəyyən dönəmlərdə artım və azalma tempi bir-biri əvəzləyib. Maraqlısı budur ki, son 70 ildə təbii artım üzxrə ən yüksək göstərici də məhz 1991-ci ildə qeydə alınıb. Həmin il göstərici 145 min 694 nəfər olub. Ölkəmizin SSSR-dən müstəqilliyini əldə etməsi, vətəndaş müharibəsi və Ermənistanın hərbi təcavüzü nəticəsində növbəti 10 il demoqrafik göstərici baxımından FƏLAKƏT kimi olub. Artıq 2002-ci ilə çatdığımızda təbii artım 64 min nəfər qədər enmişdi.

2003-cü ildən etibarən vəziyyət nisbətən düzəlməyə başlayıb və artım tempi yenidən start götürüb. 2011-c ildə bu tempin ən pik nöqtəsi (122 min) qeydə alınıb. Lakin, bu göstərici yenə də müstəqillikdən öncəki təbii artımla müqayisədə çox-çox geridə qalıb.

Müharibənin ölkəmizin genefonduna və demoqrafik göstəricisinə vurduğu ziyan məhz bu statistikada daha aydın görünür. Diqqət yetirək ki, 1955-1991-ci illər aralığında ölkənin təbii artımı hər il orta hesabla 123 min 725 nəfər olub. Bu isə hər 8 ilə təxminən 1 milyon nəfər təbii artım deməkdir. İndi isə bu göstərici 9-10 ildə əldə edilir.

Digər tərədən 2011-ci ildən əhalinin təbii artımında yenidən azalma tempi başlayıb. 2011-ci ildə 119 min 451 nəfər olan göstərici, 2019-cu ildə 78 min 737-yə qədər enib.

2011-2019-cu illərdə ölənlərin sayı 53 mindən 57 minə qədər artıb, doğulanların sayı isə 176 mindən 138 minə qədər azalıb.

Bundan başqa, 2011-2019-cu illərdə rəsmi qeydiyyata alınan nikahların sayı 88 mindən 62 minə qədər azalıb. Boşanmaların sayı isə 10 mindən 14 minə qədər artıb.

Nikah bağlayanların yaş orta yaş həddi isə 27 yaşdan 29 yaşa qədər artıb. Bu da nəsilvermə qabiliyyətinin artım tempinə mənfi təsir göstərməyə başlayıb.

Buna baxmayaraq, Azərbaycan Cənubi Qafqazda son 30 ildə əhali artımının qeydə alındığı yeganə dövlətdir. Postsovet ölkələrində 1990-2019-cu il aralığında aparılan demoqrafik tendensiyasının nəticələrinə əsasən bildirək ki, Azərbaycanda əhalinin artımı 28,5% təşkil edib. Ermənistanda (-15,7%) və Gürcüstanda(-31%)  isə əhalinin azalması qeydə alınıb.

Azərbaycan göstərilən dövr üzrə əhalinin artımına görə postsovet məkanında ilk beşliyə daxil olub. Siyahıya Tacikistan(57%) başçılıq edir, Gürcüstan isə sonuncu pillədə qərarlaşıb.

Fərid ƏDALƏT
BAKU.WS