SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) I kurs tələbələri “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsini ziyarət ediblər.

Aİİ-dən BAKU.WS-ə bildirilib ki, tələbələrə kilsə və Azərbaycanda xristianlığın tarixi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütün dini icmalara bərabər şərait yaradıldığı kimi, Azərbaycanın katolik icmasına da qayğı göstərilir. Katoliklər üçün kilsə yenidən bərpa olunub.

Daha sonra bildirilib ki, “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” Katolik Kilsəsinin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. Burada eyni vaxtda 250-300 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. Kilsənin rəsmi açılış mərasimi isə Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak ediblər.

Eyni zamanda, 2007-ci ilin aprelində Roma Katolik Kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerottinin yeni kilsəni təqdis etdiyi və ilk ibadətin həyata keçirildiyi qeyd olunub.

Mərasimdə Azərbaycan Respublikası Katolik Kilsəsinin Apostol Prefekturası Dini Qurumunun təmsilçisi Yozef Marek xristianların inanc əsasları və ibadətləri, Azərbaycanda xristian icmalarının vəziyyəti, dini tolerantlıq və multikulturalizm kontekstində ölkəmizdə fərqliliklərin birlikdə yaşama təcrübəsi mövzularında tələbələrin suallarını cavablandırıb.

BAKU.WS
QALEREYA