SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatlarının və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan könüllülük həftəsi”nə “Şəhidimiz” kampaniyası ilə start verilib.

BAKU.WS xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə reallaşdırılan kampaniya çərçivəsində respublikanın 17 şəhər və rayonunda ümumilikdə 147 şəhid ailəsi gənclər tərəfindən ziyarət edilib, onlara həmrəylik nümayiş olunub.

Gənclər Fondundan bildiriblər ki, kampaniyaya qoşulan “Gənc Könüllülər”, “ASAN Könüllülər”, “RİİB Könüllüləri”, “BİR Tələbə-Könüllülər”, “Aqrar İnkişaf Könüllüləri”, “KOB Könüllüləri”, “Miqrasiya Könüllüləri” və digər hərəkatları təmsil edən gənclər şəhər və rayonlarda Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Kampaniyanın iştirakçıları daha sonra şəhidlərimizin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. İki gün ərzində kampaniyaya ümumilikdə 2 mindən çox gənc qoşulub.

Xatırladaq ki, “Şəhidimiz” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 1-də gənclərlə görüşü zamanı gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gəncin təşəbbüsü ilə Novruz bayramı ərəfəsində başlayıb. Ənənəvi olaraq, gənclər “Şəhidimiz” devizi ilə bayramlarda və əlamətdar günlərdə şəhid ailələrini ziyarət ediblər.

Layihə həmçinin 2 dekabr tarixində “VətənimİZ” devizi altında silsilə tədbirlərlə davam edib.

“VətənimİZ” devizi altında keçirilən tədbirlərə respublikanın 17 şəhər və rayonunda ümumilikdə 1000-dən artıq gənc cəlb olunub. Tədbirlər çərçivəsində könüllü hərəkatları təmsil edən və fəal gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeylərinin ekspozisiyası ilə tanış olublar. Ulu Öndərin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədi ilə keçirilən tədbirlər tarix və vətənpərvərlik mövzularında sənədli və bədii filmlərin izlənməsi ilə davam edib.

Bu çərçivədə həmçinin Bakı Gənclər Mərkəzində 300 gəncin iştirak etdiyi “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub. Konfransdan sonra gənclər birlikdə film izləyib, ölkədə fəaliyyət göstərən müxtəlif könüllü təşkilatları və hərəkatlarının komandaları arasında tariximiz və milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda intellektual kvest yarışması təşkil olunub.

Qeyd edək ki, “Azərbaycan Könüllülük Həftəsi” 9 dekabr tarixinə qədər bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcəkdir. “Şəhidimiz” kampaniyası ilə start götürən Həftə növbəti günlərdə “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyaların və digər tədbirlərin təşkili ilə davam edəcək.

Dekabrın 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gənc iştirak edəcək. Həftənin ən fəal 300 könüllüsü dördgünlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.

BAKU.WS
QALEREYA