SİZİN REKLAM BURADA!
055 213 76 73


“28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının fəaliyyəti bərpa olunub. 

Bu barədə BAKU.WS-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

“Hər üç stansiya saat 17:00-dan sərnişinlərin girişinə açıqdır”, - deyə məlumatda qeyd olunub. 

13:00

"Bakı Metropoliteni” Milli Şuranın bu gün "28 May” stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS
xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC bəyanat yayıb:

"Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşmışlar.

"Bakı Metropoliteni" QSC bəyan edir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcəkdir. Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınmışdır.

Həmçinin, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyatı hüquq mühafizə orqanlarına müraciət olunacaqdır".

Zülfiyyə Qurbanova
BAKU.WS