SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qəmə vurmaq, qan çıxarmaq, zəncir vurmaq kimi hallar aradan çıxır. Bu il cəmi bir, ya iki zəncir vurma hadisəsi qeydə alındı ki, onun da qarşısını din xadimlərimiz və dindarlarımız özləri aldılar”.

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılovun Oxu.Az-a müsahibəsində bildirib.

O deyib ki, Aşura ilə bağlı bəzi müsbət tendensiyalar ilbəil güclənir:

“Həm qanvermə aksiyasının keçirildiyi ünvanlar, həm də bu aksiyada iştirak edənlərin sayı hər il artır. Üstəlik, qan verənlərin arasında dindar olmayanlar da var. Deməli, Aşura ilə bağlı vaxtilə göstərilmiş bu təşəbbüs artıq ənənə halını alıb və zaman keçdikcə möhkəmlənir. Bu, həm də onu göstərir ki, insanlarımız Aşuranın mahiyyətini düzgün başa düşürlər”.

Sədr müavini dini radikalizm və dinin siyasiləşdirilməsindən danışıb və bunun xurafatdan heç də az təhlükə daşımadığını söyləyib:
“Mahiyyət və nəticə etibarilə eynidirlər. Azərbaycanda da dinin siyasiləşdirilməsinə və məzhəbçiliyin təbliğinə cəhdlər var, amma bu cəhdlərin perspektivini görmürəm.

Azərbaycan xalqının yüksək mədəniyyəti, dünyagörüşü və dövlətin apardığı siyasət buna imkan verə bilməz. Amma etiraf edim ki, dinin siyasiləşməsi və məzhəbçiliklə mübarizə dini radikalizmlə mübarizədən daha çətindir. Çünki radikalizm elementlərini daha tez aşkarlamaq, daha asan ifşa etmək olur”.

Komitə rəsmisi sözlərinə əlavə edib ki, Azərbacanda müsəlmanların təxminən 8 faizi dindardır:

“Təbii ki, bu, təxmini hesablamadır və fərqlər ola bilər. Çünki dindarlığı müəyyən etməyin fərqli metodları var. Biz hansı metoddan istifadə etmişik və sayı necə hesablamışıq? Bu, mənim subyektiv fikrimdir ki, İslamda dindarlığın, əsasən, namazla müəyyən edilməsi daha doğrudur.
Azərbaycanda məscidə ən çox dindar cümə günü, Qurban və Ramazan bayramlarında gəlir. Hesablamalarımıza əsasən, bu rəqəm 160 mindən az, 170 mindən çox deyil. Bu rəqəmi isə beşə vurmuşuq. Çünki həmin günlər qadınlar, əsasən, məscidə gəlmir, ümumiyyətlə, ibadətə gələnlər yetkinlik yaşına çatmış kişilərdir”.
BAKU.WS