SİZİN REKLAM BURADA!
055 213 76 73


7-8 sentyabr tarixində Bakıda "Nə? Harada? Nə zaman?" oyunu üzrə XVII Dünya Çempionatı keçiriləcək.

Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, çempionatda 29 ölkədən 75 komanda iştirak edəcək. Bu, beynəlxalq intellektual hərəkatın ikiqat rekordudur.

İştirakçılar arasında – "Nə? Harada? Nə zaman?" televiziya klublarının, "Breyn Rinq" verilişinin və digər televiziya layihələrinin ulduzları olacaq. Azərbaycanı 11 komanda təmsil edəcək.

Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maddi və təşkilati dəstəyi və "İQRA-TV" televiziya şirkətinin lisenziyası ilə Azərbaycan İntellektual Klublar Assosiasiyasıdır.

Çempionat "Boulevard Hotel Baku Autograph Collection" mehmanxanasında keçiriləcək.

Dünya Çempionatının Bakıda keçirilməsi haqqında qərar 20 oktyabr 2018-ci ildə qəbul olunub. "Nə? Harada? Nə zaman?" Beynəlxalq Klublar Assosiasiyası İdarəsi Azərbaycan İntellektual Klublar Assosiasiyasının və "İçərişəhər" intellektual oyunlar klubunun müraciəti əsasında  "Nə? Harada? Nə zaman?"oyunu üzrə Dünya Çempionatının keçiriləcəyi yer qismində Bakı şəhərini seçib.

Beləliklə, "Nə? Harada? Nə zaman?" oyunu üzrə Dünya Çempionatı 15 il sonra yenidən Azərbaycana qayıdır.

Qeyd etmək istəyirik ki, Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi tərəfindən  həmişə xüsusi diqqət ayrılırıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə ilk üç Dünya Çempionatı  2002, 2003 və 2004-cü illərdə Bakıda keçirilib.
BAKU.WS