SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qarabağ" - "Linfild" oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

BAKU.WS
xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 
artıq bununla bağlı hazırlıq işlərinin görüldüyünü bildirib:

"Oyun Bakı vaxtı ilə saat 20:00-da başladığı üçün metro stansiyalarının əlavə saatlarda işləməsinə ehtiyac yoxdur. Yəni oyun maksimum saat 22:00-da başa çatacaq. Metro isə adi günlərdə saat 00:00-a qədər işləyir. Ona görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq.

Amma buna baxmayaraq, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün "Bakı Metropoliteni" bütün lazımı tədbirlər görüb. Həmin gün əsasən metronun "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq.

Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq".

Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" komandası Şimali İrlandiyanın "Linfild" klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Zülfiyyə Qurbanova
BAKU.WS