SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edir. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

BAKU.WS
AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir "IOI 2019"a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Bildirib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaq, eyni zamanda, İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını təmin etməkdir.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan Təhsıl naziri beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

ADA Universitetinin rektoru, səfir, "IOI 2019"un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li "IOI 2019" açılışı bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.

Olimpiadaanın rəsmi qlobal sponsoru "Acer"in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer" və "IOI" əməkdaşlığından danışıb.

Daha sonra "IOI 2019"un 88 ölkə və regiondan nümayəndə heyətləri təqdim edilib.

Açılış mərasimində 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, "IOI"ın rəsmi sponsoru "ACER"in fəaliyyətinə və Bakıya həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru "Acer" şirkətidir. Bundan başqa, "Azercell Telekom" tədbirin "İstedadların Rəqəmsal Sponsoru", "PAŞA Bank" isə "İstedad sponsoru" kimi dəstək verir. Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır.
BAKU.WS