SİZİN REKLAM BURADA!
055 213 76 73


Bazar qiymətindən aşağı məbləğə mənzilə sahib olmaq mümkün ola bilər?

Bir zamanlar bu suala cavab vermək elə də asan deyildi.

Ölkə başçısının təşəbbüsü ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin az və orta təminatlı vətəndaşların, gənc ailələrin və digər təbəqədən olan şəxslərin mənzil problemini həll etməsi yuxarıdakı sualımızın birbaşa cavabıdır.

BAKU.WS-in bu və digər suallarını Mənzil İnşaatı Dövlət Agentliyinin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı cavablandıracaq.

Bildiyiniz kimi, 2016-cı ildə ölkə başçısının müvafiq fərmanı ilə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri təsdiqlənib.

Strateji Yol Xəritələrindən biri də Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafından bəhs edir.

Strateji Yol Xəritəsində mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarının genişləndirilməsilə bağlı tapşırıqlar verilib və bu istiqamətdə işlər aparılıb.

Ötən illərə nəzər saldıqda bu kateqoriyaların genişləndirildiyinin şahidi oluruq.

2017-ci ildən etibarən mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olundu.

Belə ki, “ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs” və “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyaları əlavə olundu.

Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilir.

- Güzəştli mənzillərin əldə edilməsi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Layihəyə start verilən gündən elektron kabinet əldə etmiş vətəndaşların sayı nə qədərdir?

Ölkə başçısının dövlət orqanlarında xidmətlərin elektronlaşdırılması istiqamətində verdiyi qərarlardan biri də “Güzəştli mənzil” sisteminin yaradılması idi.

Sistemin yaradılmasının əsas məqsədlərindən biri mənzillərin əldə olunması zamanı tam şəffaflığın təmin olunmasıdır.

Bu istiqamətdə “Güzəştli mənzil” sisteminin əsasnaməsi 2017-ci il may ayının 24-də cənab Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiqləndikdən sonra vətəndaşların istifadəsinə verilib.

Sistem şərti olaraq iki hissədən ibarətdir. İlk hissəsi vətəndaşların qeydiyyatdan keçməsi, digəri isə satış və gözləmə mərhələsidir.

Vətəndaşların müraciətləri sistem vasitəsilə qeydə alınır və müvafiq yoxlamalar həyata keçirilir. “Güzəştli mənzil” sistemi dövlət qurumlarının müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Vətəndaşın mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra o, elektron kabinetə sahib olur. Bu günə qədər elektron kabinet əldə etmiş şəxslərin sayı 11 600-ü keçib.

- Bu ilin yanvar ayında ölkə başçısının fərmanı ilə MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasında müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklərlə bağlı əsas məqamları şərh edə bilərsiz?

Dəyişikliyin biri mənzili güzəştli ipoteka krediti ilə əldə etmək istəyən şəxslərin əvvəlcədən razılıq qərarı alaraq onun sistemdə yerləşdirilməsini təmin etməsidir.

- Yəni?

Yəni ki, vətəndaşlar “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçdikdən sonra agent bankların birinə müraciət edir.

Vətəndaşın bankdan ala biləcəyi ipoteka kreditinin məbləği müəyyənləşdirilir və bank tərəfindən verilən qərar sistemdə yerləşdirilir.

Daha sonra vətəndaş bank tərəfindən verilən qərarı öz elektron kabinetində təsdiq etməlidir.


- Bu qərarın vətəndaşa köməyi nədən ibarətdir?

Vətandaş əvvəlcədən hansı məbləğdə ipoteka krediti əldə edəcəyini bilir. Bu məlumatı bilməklə neçə otaqlı mənzilə sahib olacağını da müəyyənləşdirmiş olur.

- Növbəti dəyişiklik bəs?

Digər dəyişiklik isə mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə mənzil əldə etmək imkanının yaradılmasıdır.

Belə ki, “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil digər iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.

Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək.

Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

Satış müddətində mənzil seçməyən şəxs gözləmə qaydasında yalnız 1 mənzili seçə bilər. Bu dəyişikliyin əsas məqsədlərindən biri satış prosesinin effektivliyinin artırılmasıdır.

- Biz bilirik ki, vətəndaş iki formada - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti və ya öz vəsaiti hesabına mənzil sahibi ola bilər. Bəs vətəndaş digər kredit təşkilatlarının hesabına güzəştli mənzil ala bilərmi?

Qaydalarda qeyd olunub ki, vətəndaş agent bankların sırasına daxil olmayan digər kredit təşkilatlarının vəsaitindən də istifadə edə bilər. Bizim tərəfdən heç bir məhdudiyət yoxdur.

- Öz hesabına mənzil əldə edən vətəndaşa hansı güzəştləriniz var?

Mənzil vətəndaşın öz vəsaiti hesabına əldə edildikdə satış qiymətinə 10 faiz endirim tətbiq olunur. 1 otaqlı mənzil kreditlə 28-29 min manata əldə edilirsə, nağd ödənişdə bu məbləğ 26-27 min manat civarındadır.

- Güzəştli mənzil layihəsinin icrası zamanı MİDA hansı ölkənin təcrübəsindən faydalanıb?

İlk olaraq müvafiq sahədə Türkiyə təcrübəsi öyrənilib, həmçinin Almaniya, Sinqapur və Latın Amerika ölkələrinin təcrübələri də təhlil olunub.

Bizim tətbiq etdiyimiz “Güzəştli mənzil” sistemi ən uyğun sistemdir. İndiyə kimi heç bir ölkədə elektron qaydada mənzil seçmək üsulu olmayıb. İlk olaraq bunu biz tətbiq etmişik.

- MİDA Bakı şəhərindən başqa respublikanın hansı iri şəhərlərində yaşayış kompleksləri inşa edəcək?

Bildiyiniz kimi, ötən ilin dekabr ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin açılışı olub.

Eyni zamanda, Hövsan Yaşayış Kompleksi və Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində tikinti işləri sürətlə davam etdirilir.

Onu da qeyd edim ki, uyğun qiymətə mənzil təminatı layihələrinin ölkənin regionlarında da reallaşdırılması Strateji Yol Xəritəsi ilə bizim qarşımıza qoyulan əsas vəzifələrdən biridir. Bu istiqamətdə işlərə başlanılıb.

Belə ki, Sumqayıt və Gəncə şəhərlərində Agentliyin sərəncamına torpaq sahələri verilib və layihələndirmə işləri bitmək üzrədir. Yaxın zamanda həmin binaların təməlqoyma mərasimi həyata keçiriləcək.

- Yasamal Yaşayış Kompleksində mənzillərin növbəti seçimi iyul ayının 12-də həyata keçirilib. Ümumiyyətlə bu günə qədər Agentlik tərəfindən həyata keçirilən satışlar nəticəsində neçə ailə mənzilə sahib olub?

Bu günə kimi Agentlik tərəfindən 4 satış prosesi həyata keçirilib. Sonuncu satış prosesini nəzərə almamaq şərti ilə 574 mənzilin alğı-satqısı rəsmiləşdirilərək öz sahiblərinə təqdim olunub.

Son satışda isə 253 mənzil satışa çıxarılıb. Həmin 253 mənzildən 118-i tam olaraq rəsmiləşdirilib.

- Şəhər mərkəzindən kənarda olduğu üçün Hövsan Yaşayış Kompleksində olan mənzillərin qiyməti Yasamal Yaşayış Komplekslərindən fərqlənəcək?

Təbii ki, əsas məqsədimiz bazar qiymətindən aşağı qiymətə mənzil təklif etməkdir. Bizim tərəfimizdən eyni ərazidə yerləşən oxşar tipli yaşayış komplekslərinin qiymətləri təhlil olunur.

Məsələn, Yasamal Yaşayış Kompleksində mənzillər bazar qiymətindən 30-35 faiz aşağıdır. Hövsan Yaşayış Kompleksi üçün də ayrıca olaraq təhlil aparılacaqdır.

- Güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin seçilməsi zamanı hansı məsələlərə diqqət yetirilir?

Bununla bağlı “Güzəştli mənzil” sistemində sorğu modulu mövcuddur.

Bu modul vətəndaşların istəkləri əsasında yaşayış binalarının tikinti yerlərinin və digər göstəricilərin proqnozlaşdırılması məqsədlərinə xidmət edir.

Eyni zamanda, ictimai nəqliyyat vasitələrinə çıxışı olan, iş yerlərinə yaxın olan və digər ehtiyaclara uyğun torpaq sahələri seçilir.

Torpaq sahələri seçildikdən sonra Agentliyin sərəncamına verilir və layihələndirmə işlərinə başlanılır.

- Yeni yaşayış komplekslərində otaq sayı eynidir?

İlk layihədən fərqli olaraq 1, 2, 3 otaqlı mənzillərlə yanaşı, Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 1 otaqlı studio və 4 otaqdan ibarət mənzillər, Hövsan Yaşayış Kompleksində isə 4 otaqdan ibarət mənzillər də vətəndaşlara təklif olunacaqdır.

Söhbətləşdi: Gülşanə Mustafayeva
Foto: Mahir
BAKU.WS