SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının avtobus probleminin həlli istiqamətində Bakı Nəqliyyat Agentliyi tərəfindən iş aparılsa da, nöqsanlar kifayət qədərdir. Xüsusilə də yay aylarında sərnişinləri narahat edən məsələ köhnə avtobuslarda yaşadıqları havasızlıqdır. Doğrudur, ölkəyə yeni avtobuslar gətirilir. Lakin bu avtobuslar əsasən şəhərin mərkəzi küçələrindən keçən marşrut xətlərinə verilir. Bakı kəndlərinə və qəsəbələrinə hərəkət edən avtobuslar isə sınıq-salxaq halda, üfunət qoxuyur. Bu avtobuslara yay aylarında  istidən, qış aylarında isə palçıqdan, soyuqdan minmək olmur.

BAKU.WS 
xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a müraciət edən sərnişinlər təklif ediblər ki, avtobuslarda kondisioner sistemi qura bilmirlərsə, o zaman gediş haqları aşağı salınsın.

Sərnişinlər söyləyirlər ki, son illərdə qiymətlər qaldırılsa da, sərnişindaşımanın keyfiyyətində əsaslı dəyişiklik hiss olunmur. Hələ də şəhərin küçələrində köhnə avtobuslar şütüyür. Eyni zamanda intervallar da düzgün təyin olunmadığı üçün xəttə buraxılan avtobusların sayı sərnişin sıxlığına adekvat olmur. Nəticədə xüsusilə də günün pik saatlarında avtobus ictimai nəqliyyatında çətin anlar yaşanır.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, sərnişinlər əslində maraqlı təklif irəli sürürlər: “Doğrudan da vətəndaşların yanaşması məntiqlidir və izahı da var. Əgər biz hansısa xidmətin qarşılığında pul ödəyiriksə, bu, normalara uyğun şəkildə olmalıdır. Yəni tələblərə əməl edilməlidir. Necə ki, biz təyyarəyə bilet alan zaman orada yazılır ki, filan xidmətlər də göstərilir. Avtobusların hamısında isə bir qiymət nəzərdə tutulur. Bu qiymətlər müəyyənləşəndə yazılıb ki, sərnişindaşıma xidmətinə görə, şəhəriçi qiymət budur. Sərnişindaşımanın tələblərinə aid də Nazirlər Kabinetinin müxtəlif sənədləri var. Həmin sənədlərdə də bütün məqamlar öz əksini tapır. Orada kondisioner sisteminin olması, sürücünün kobud davranmaması, interval və digər bu kimi məqamlar var. Lakin yollarda görürük ki, Ziya Məmmədovun dövründən qalan tör-töküntü avtobuslar hələ də küçələrdə hərəkət edir. Dövlət tərəfindən vəsait ayrılıb və 300 avtobusun ölkəyə gətirilməsi nəzərdə tutulub. Belə bir fonda artıq özəl şirkətlər də özlərini düzlətməyə başlayıblar. Diqqət etsək görərik ki, son aylarda bir çox özəl daşıyıcı şirkət də yeni avtobuslar gətirib. Çünki onlar da dərk edirlər ki, dövlət öz avtobuslarını xəttə buraxırsa, gələcəkdə onlar sıradan çıxacaqlar. Qoyulan tələblərə cavab vermirlərsə, sıradan çıxmağa məhkumdurlar”.

Ekspert bildirib ki, qiymətlər müəyyənləşən zaman avtobusların vəziyyəti də nəzərə alınmalıdır: “Tarif Şurası qiyməti hesablayan zaman məsafəni nəzərdə tutur. Düşünürəm ki, qiymətlər müəyyənləşən zaman avtobusun vəziyyətinin də nəzərə alınması real görünmür. Ancaq vətəndaşlar haqlı irad bildirirlərsə, şirkətlər bundan dərs almalıdır. Anlamalıdırlar ki, vəziyyətləri nə qədər acınacaqlıdır ki, sərnişin 30 qəpiyi belə onun avtobusuna layiq bilmir. Bəlkə bundan utanıb, avtobuslarını qaydasına salarlar. Avtobuslar da deyim ki, ucuz başa gəlmir. Əvvəllər öyrəşmişdilər ki, aylıq pullarını verib, salonundan asfalt görünən avtobusları belə işlədə bilərlər. Artıq görürlər ki, pul götürən də yoxdur. Ona görə də zamanla tələblərə uyğun olan avtobuslar qalıb işləyəcəklər. Qalanları isə sıradan çıxacaq”.

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əslində bu nüans sərnişinlərin hüquqlarının pozulmasıdır: “Təbii ki, sərnişin pul verirsə, normal xidmət göstərilməlidir. Hər bir daşıma şirkətinin sahibləri var. Görünür ki, müvafiq orqanlar bu məsələdə boşluğa yer verirlər. Söhbət Bakı Nəqliyyat Agentliyi, icra hakimiyyətləri, bələdiyyələrdən gedir. Bu qurumlar məsələyə müdaxilə edib, qayda yaratmalıdırlar. Maşının özünün markasından, xidmətin formasından asılı olaraq qiymətlər olmalıdır. Bu məsələdə sərnişinlər tamamilə haqlıdır. Baxırıq ki, avtobuslar var ki, oturmağa yeri yoxdur. Yəni oturacaqlar yararsız vəziyyətdədir. Həmçinin nə qışda içərisi qızdırılır, nə də yayda soyudulmur. Ancaq qiymətləri digəri ilə eynidir. Köhnə maşınla təzə maşının arasında qiymət fərqi olmadığı üçün şirkətlərdə də maraq olmur. Onlar da keyfiyyəti artırmağı düşünmürlər. Ona görə də qurumlar bu işlə ciddi şəkildə məşğul olmalı, reydlər keçirməli, Tarif Şurasına da təkliflər verməlidirlər. Çünki hazırda qiymət qoymada problem var. Bunu qaydasına salmaq lazımdır. Belə olarsa, insanların da hüquqları qorunmuş olar”.
BAKU.WS