Son günlər sosial şəbəkələrdə ərəb turistlərin Bakının mərkəzində, “Tarqovı”da azərbaycanlı qadınların fahişəlik  xidməti göstərməsi üçün yolun ortasında aşkar formada qiymət danışması, ərəblərin tanımadığı qızlara yaxınlaşıb cinsi əlaqədə olmaq və qarşılığında pul ödəniş etmək təklifi müzakirələrə səbəb olub. Vətəndaşlar polisin bu hala müdaxilə etmədiyini və bu prosesin nəzarətsiz qaldığını qeyd ediblər.

Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır. Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır. 

“Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb. Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir.

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir”, - deyə E. Hacıyev söyləyib.
BAKU.WS