"Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq".

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, bütün işləyən insanlar öz əmək müqavilələrini qeydiyyatdan keçirməli və sosial sığorta haqları ödəməlidirlər: "Bu hallar varsa, həmin insanlar, demək olar ki, öz iş yerlərini itirməkdən sığortalanıblar. Dövlətin "Məcburi sosial sığorta haqqında” qanunu var. Bu qanuna görə, işsiz olma sosial sığorta hallarından biri sayılır. Düzdür, bu gün Azərbaycanda işsiz olmaq üçün ayrıca sosial sığorta tarifi yoxdur. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün vəsait nəzərdə tutulub. Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var. Əgər bütün işsiz olanların əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-i qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir”.

Nazir qeyd edib ki, 2015-ci ildə işsizlik müavinətinin orta aylıq məbləği təqribən 252 manat təşkil edib: "Bu məbləğ niyə aşağı görünür? Çünki, xeyli insan var ki, onların əvvəlki 12 ay ərzində əmək haqqı olmayıb. Bu zaman onlara minimum məbləğdə işsizlik müavinət verilib. Bu gün bu, 55 manatla ölçülür. Cənab prezidentin işsizliklə bağlı müavinətin artırılması ilə bağlı tapşırığı var. Bu günlərdə Nazirlər Kabineti dəyişiklik edəcək. Məndə olan məlumata görə, bu məbləğ 30-40% artırıla bilər”.
 
BAKU.WS