İsmayıllı rayon Gəndov kəndinin Dərə məhləsinin dağ boyda dərdi var desək yanılmarıq. Yolsuzluq səbəbindən bu günə kimi rayon mərkəzindən xeyli aralıda olan məhləyə heç bir avtomobil qalxmayıb.

Bura rayon mərkəzindən 22, kənd ərazisindən 4,5 km aralıda dağların arasında yerləşir. Məsafə baxımından xeyli aralıda olan bu kənd, sanki gözdən könüldən də uzaq düşüb.

Sakinlərin yaşadığı bu yerə getmək üçün Lahıc istiqamətinə bir neçə km asvalt yolu avtomobillə qət edərək Gəndov kəndinə çatdırıq. Maşın yolu olmadığından rəngi sarı, bəxti qara olan piyada yoluna uz tuturuq. Dağların arasından, meşənin ortasından, enişli yoxuşlu bu kiçik yol ilə kənd istiqamətinə hərəkət edirik. Təqribən 40-45 dəqiqə yolu piyada getdikdən sonra qalan yolu atla davam etməli oluruq.


1200 m hündürlükdə yerləşən bu kəndin tarixi ərzində heç vaxt biz getdiyimiz yerlərdən nəqliyyat vasitələri hərəkət etməyib. Çünki bu ərazilərdə yeganə nəqliyyat vasitəsi dördayaqlılar, yəni atlar və uzunqulaq hesab edilir. Kəndə daşınan bütün ərzaq məhsulları atlar vasitəsi ilə aparılır.

Bir qədər kənd istiqamətinə irələdikdə yolda məhləyə gedən sakinlərlə rastlaşırıq. Sakinlərin sözlərinə görə uşaqla və yaşlı adamlarla birlikdə mənzil başına tez çatmaq elə də asan məsələ deyil. Yolu piyada qət edənlər bir neçə dəfə dayanaraq istirahət eməli olurlar. Ərazinin dağlıq, enişli-yoxuşlu və təhlükəli olması atla getməyin də təhlükəli olmasından xəbər verir.

Təpələr, dağlar aşaraq 2 saatdan sonra Dərə məhləsinə çatırıq. Dağların başında, Ağ çayın kənarında olan Dərə məhələsində cəmi 10 ev var. Bu kəndə elektrik enerjisi 2009 ildə verilib. Ev telefonları və internetdən söhbət gedə bilməz. Mobil telefonlarda şəbəkə tapan, zülmətdə işıq tapan adam kimi sevinir. Burada həkimə ehtiyacı olmayan sakin dünyanın xoşbəxt insanı hesab edilir. Vay o günə ki, qış gecəsi kiminsə təcili həkimə ehtiyacı yarana və bu adam da hamilə qadın ola. Avtomobil yox, yol yox, işıq yox.


Mavi yanacaq olmadığından sakinlər sobalarda odun yandırmağa məcburdılar. Şəhid anası 74 yaşlı Mailə nənə deyir ki, gənc yaşlarında rayon mərkəzinə gedib-gəlmək bir qədər asan olsa da, indi çox çətindir.

Kənd sakini Mirzə Məmmədov deyir ki, asfalt olmasa da olar, çınqıldan, hətta torpaqdan da olsa yol istəyirlər. Elə bu istəklə də sakinlər müxtəlif ünvanlara məktublar göndərsələr də, gələn cavablar ürək açan olmayıb.

Sakinlərlə söhbətləşdikdən sonra İsmayıllı rayon icra hakimiyyətində olduq. Şifahi olaraq dedilər ki, sakinlərin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məktub göndərilib. Agentlikdən cavab olaraq bildirilib ki, ərazinin relyefinə görə texniki cəhətdən dərə məhəlləsinə yol çəkmək mümkün deyil.

Deyilənlərdən belə aydın oldu ki, dərə məhləsinin dağ boyda dərdinin əlacına hələlik bir çarə yoxdur.

Valeh Türkoğlu BAKU.WS
VİDEO

QALEREYA