SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mədəni Niyyət” 2015-ci ildə xeyriyyə platforması kimi mədəni və sosial sahədə müxtəlif istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə, incəsənətin bir sıra sahələri ilə professional şəkildə məşğul olan bir qrup gənc tərəfindən təsis olunmuşdur. Gənclərin bu platformanı yaratmaqda əsas məqsədi  xüsusi qayğıya ehtiyacı olan insanlarla çoxsaylı istiqamətlərdə işləmək və bütün məhdudiyyətlərin yalnız düşüncədə olduğunu göstərmək, eləcə də cəmiyyətin həyatında kiçik də olsa müsbət dəyişikliklərə səbəb olmaqdır. 

Mədəni niyyətli gənclərin layihələrindən biri yanan və yenidən bərpa edilib istifadəyə verilən Narkoloji Disponserlə bağlıdır.

BAKU.WS layihə müddətində gənclərin hansı işlər gördüyünü və görülən işlərin disponserdə müalicə alan şəxslərə necə təsir etdiyini öyrənmək üçün "Mədəni Niyyət"in təşkilatçılarından Rəbiyət Heydərli Vüsal Rəhimlə olan söhbəti sizə təqdim edir:

-"Mədəni niyyət"-in layihələri uzunmüddətli və birdəfəlik olur. Bu layihəniz hansına aid olacaq?


Bu il 8 may tarixində Narkoloji dispanserdə görüşümüz baş tutdu. Bu layihəni, 2018-ci ilin noyabr ayında başlayıb Amerikalı yoqa təlimçisi Lesli Qrey-in könüllü iştirakı ilə 4 ay davam edən yoqa terapiyasının davamı hesab etmək olar.

Bu dərslərlə 20-30 pasientin həyatında kiçik də olsa, müsbət dəyişiklik yaratmış olmaqdan qürur duyuruq. Hazırda Mədəni Niyyət olaraq Respublika Narkoloji Mərkəzində daha çox insanı əhatə edəcək geniş miqyaslı layihələr həyata keçirmək arzusundayıq. Elə bu layihələrin başlanğıcı Narkoloji Mərkəzdə asudə vaxtın təşkili məqsədilə ilə bir məkanın yaradılmasıdır. Bu layihə çərçivəsində həmin mərkəzdə kitabxananın əsasını qoyduq, pasientlərlə art terapiya keçirdik, birlikdə rəsmlər çəkib divarları boyadıq. 

- Layihənin davamlı olması üçün sizə nələr lazımdır?

İlk mərhələdə asudə vaxtın təşkili üçün otaqların yaradılması, müxtəlif incəsənət adamları ilə art terapiya görüşlərinin davamlı təşkil olunması, kino və musiqi otaqlarının, ən əsası, daha böyük bir kitabxananın yaradılmasını planlaşdırırıq. Pasientlərin faydalana biləcəyi və onların həyata baxışında kiçik də olsa müsbət dəyişiklik yaradacaq kitablarla zəngin kitabxananın formalaşdırılması əsas prioritet məqamlardan biridir. Bunun üçün kitab aksiyamız davam edir, ianə kitablar qəbul edirik və kitabxanaya bağışlayırıq. Eyni zamanda kino və musiqi otaqları üçün texniki inventor toplayırıq. Layihənin davamlılığının və effektivliyinin artırılması üçün Lesli Qrey-in iştirakı ilə 32 saatlıq təməl yoqa proqramı elan verdik. Bu proqram çərçivəsində iştirakçılara təməl yoqa biliklərini öyrənəcək və Narkoloji Mərkəzdə yoqa dərslərinin davamlılığının təmin olunması üçün yeni, entuziastlar yetişdirməyi düşünürük. Proqramın detalları əlavədədir.

- Hazırladığınız reportajda Narkoloji Dispanserdə müalicə alan şəxslər bu təşəbbüsü çox xoş qarşılayır. Bu təşəbbüsünüzə aqressiv yanaşan oldumu?

İlk olaraq daha soyuq münasibət görməyimizi çox normal qarşılayırıq. Ancaq bu bizi həvəsdən salmadı və müəyyən müddət sonra pasientlərin gözündəki sevinc və həvəs hissini gördükdə nə qədər düzgün addım atmış olduğumuzu anladıq. 

- Sizə könüllü qoşulmaq istəyənlər varmı? 


Mədəni Niyyət 2015-ci ildən bəri fəaliyyət göstərir. Bu müddət ərzində 22 uzun və qısamüddətli layihələr həyata keçirmişik. Bizi izləyən insanlardan “Layihəyə nə cür qoşula bilərik?” sualını tez-tez eşidirik. Bizə müxtəlif formada dəstək olmaq olar: Hər hansı inventar ilə, maddi olaraq, qocalar üçün pampers ilə, layihələrimizdə könüllü olaraq iştirak etməklə və s.

- Yaşadığımız cəmiyyətdə Narkoloji Dispanser və ya Ruhi Əsəb Xəstəlikləri Dispanserində müalicə alan insanlara yaxşı baxmırlar. Hətta dünya təcrübəsində qocalar evinə getmək tamamilə normal qarşılandığı halda bizim cəmiyyətdə bu uşaqların öz valideynlərinə qarşı tərbiyəsizlik etməsi anlamına gəlir. Cəmiyyətin bu cür mühakiməsini dəyişmək üçün hansı işlər görmək olar? 


Əlbəttə ki cəmiyyətimizdə yanlış stereotiplər var. Ancaq faydalı olmaq istəyiriksə, bu cəmiyyətin qayğıya ehtiyacı olan fərdlərini görməzdən gəlməklə yox, onların həyatına yaxşı mənada toxunmaqla edək bunu. Stereotipləri qıra bilərik, lazımdır ki, cəmiyyətin inkişafı üçün baxış bucağımızı dəyişək, onları görək və qulaq asaq. Biz sağlam cəmiyyət olmaq istəyiriksə onu təşkil edən hər kəsi görməliyik.

-Layihə öz nəticələrini göstərirmi?

Bunun üçün kiçik bir misal, yoqa terapiyasının ilk və son gününün müqayisəsi ilə ola bilər. Gördüyümüz işlərə qarşı bu insalarda rəğbət görmək bizi daha böyük işlər görməyə ilhamlandırır. Və bu dəyişiklikləri psixoloqun, həkimlərin sözlərindən də bilmək olar. Bizi bu layihənin ilk günündən dəstəkləyən Respublika Narkoloji Mərkəzin baş həkimi Araz Manuçəri Lalei-ində yönləndiriməsilə daha səmərəli nəticələr əldə edirik. Həmçinin asudə vaxtın təşkili üçün otaqların hazırlanmasında birbaşa pasientlərlə birgə çalışmışıq və onlar, özlərinin bu işin vacib bir parçası olduğunu bilirlər. 

-Layihə müddətində daha hansı işləri görmək istəyirsiniz?


Layihə hələ ki, başlanğıc mərhələsindədir. Biz təbii ki, bu layihənin üzərində çalışmağa davam edirik və gözlədiyimiz nəticələr daha böyükdür. Yuxarıda sadaladığımız ardıcıl addımlarla layihənin daha da inkişaf edəcəyinə və daha çox insanı əhatə edəcəyinə inanırıq. Kitabxananın genişləndirilməsi və yoqa təlimçilərinin yetişdirilərək yoqa dərlərinin davamlılığının təmin olunması indiki mərhələdə prioritet məsələlərdir. 
Bizə bu layihədə dəstək olan Respublika Narkoloji Mərkəzin baş həkimi Araz Manuçəri Lalei, psixoloq Fidan Məmmədova və Afaq Hacıyeva, Yoqa təlimçisi Lesli Qrey və bizə dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Həmçinin sizə də layihələrimizə maraq göstərdiyiniz və dəstəklədiyiniz üçün təşəkkür edirik.

-Biz də sizə təşəkkür edirik. 


"Mədəni Niyyət" komandasının Naroloji Disponserdə gördüyü işləri daha ətraflı videodan izləyə bilərsiniz.

Lalə Ramizqızı
BAKU.WS
VİDEO