SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinə 50 avtomobili təqdim edildi.

Nazirliyin mətbuat xidmətindən BAKU WS-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri ildən-ilə gücləndirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May-Respublika günü münasibəti ilə təbrik edib.

O vurğulayıb ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr tariximizin şərəfli səhifələrdən biridir. Nazir müavini bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycan 101 il əvvəl mövcud olmuş Xalq Cümhuriyyətinin layiqli varisi kimi dinamik inkişaf yolunda inamla irəliləyir.

Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə dayanıqlı inkişafı, eyni zamanda, güclü sosial siyasəti ilə seçilən bir ölkədir.

A.Kərimov qeyd edib ki, bunun daha bir əyani təzahürü kimi, cari ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb.

Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən 3 milyon insanın  rifahına ciddi dəstək olub.

Nazir müavini bildirib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox  olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib.

Cənab Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq.  Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib.

12268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub. 

Qarabağ müharibəsi əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə təmin olunduqlarını qeyd edən A.Kərimov diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib.

Dövlət başçısının 18 mart 2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb.

Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

Nazir müavini şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin uğurla davam etdiriləcəyini bildirib, avtomobillə təmin olunan vətəndaşları bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri müharibə əlillərinin, şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar.

Minik avtomobili ilə təmin olunan müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlərin ildən-ilə güclənməsinə, eyni zamanda, bu gün yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
BAKU.WS